Şəbəkə xidmətlərinin keyfiyyətini yüksəltmək və abunəçi məlumatlarının məxfiliyini təmin etmək məqsədilə, 2G şəbəkəsində işləyən A5/1 standartlı mobil cihazlara məhdudiyyət tətbiq ediləcək. Belə ki, 2G şəbəkəsində işləyən A5/1 standartlı mobil cihazların abunəçi məlumatlarının məxfiliyinə tam zəmanət verməməsi və mobil bağlantı keyfiyyətini yüksək səviyyədə təmin etməməsi səbəbindən, 10 Mart 2022 tarixindən etibarən, A5/1 standartlı mobil cihazların şəbəkəyə çıxışı məhdudlaşdırılacaq.
Qeyd edək ki, “Nar” abunəçilərinə daha keyfiyyətli və daha etibarlı xidmət təqdim etmək məqsədilə, ölkə boyunca şəbəkəsini daim təkmilləşdirir. Güclənən mobil rabitə şəbəkəsi vasitəsilə “Nar” abunəçilərinə mobil rabitə xidmətlərindən daha asan, sürətli və etibarlı istifadə imkanı yaradır. Hazırda “Nar” şəbəkəsi böyük həcmli məlumatların qısa zamanda ötürülməsini təmin edir. A5/1 standartlı mobil cihazların şəbəkəyə çıxış məhdudiyyəti ölkə boyunca tədricən həyata keçiriləcək və müvafiq məlumat qeyd olunan standartlı mobil cihazların istifadəçilərinə SMS vasitəsilə göndəriləcək. Bu səbəbdən, 2G şəbəkəsində işləyən A5/1 standartlı mobil cihazların istifadəçilərinə öz cihazlarını yeniləmək tövsiyə olunur.
Bu məhdudiyyət yalnız A5/1 standartlı mobil cihazlara şamil edilir, digər standartlara əsaslanan mobil cihazlar əvvəlki qaydada “Nar” şəbəkəsində işləməyə davam edəcək.
Hörmətlə, “Nar”.