Bərdənin Dəymədağlı kəndinin tam orta məktəbinin yerləşdiyi bina uzun illərdir təmir edilmədiyindən uçub-dağılmaq üzrədir. Birmərtəbəli binanın taxta döşəməsi çürüyüb, sinif otaqlarında dərin çatlar yaranıb.
Məlumata görə, məktəbin divarları çatlayıb, tavan tökülür, döşəmənin vəziyyəti adını çəkdiklərimizdən heç də geri qalmır. Sinif otaqlarının qapıları isə çürüyərək deşik-deşik olub. Bildirilir ki, məktəbin damı dağıldığından yağan yağış birbaşa sinif otaqlarına tökülür. Adıçəkilən məktəbdə çalışan müəllimlər bildirir ki, bina mövsümə uyğun müxtəlif həşəratlar üçün də məskənə çevrilib. Döşəmədəki iri deşiklərdən vəziyyəyin nə qədər acınacaqlı olduğu görünür. Məktəb binası tam yararsız hala düşdüyündən qışda qızdırılması da çətindir.
Qeyd edək ki, ucqar ərazilərdə baxımsız, təmirsiz məktəblərin sayı heç də az deyil.
Bərdə Rayon Təhsil Şöbəsi: “Yeni binanın tikintisi nəzərdə tutulub, ancaq nə vaxt tikiləcəyi məlum deyil”
Bərdə Rayon Təhsil Şöbəsindən bildirildi ki, məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı Təhsil Nazirliyinə məlumat verilib. Yeni məktəb binasının tikintisi üçün layihələndirmə işləri aparılıb. Yeni binanın tikintisi nəzərdə tutulub, ancaq nə vaxt tikiləcəyi məlum deyil.
Nizami Hüseynov: “Təkcə Bərdənin Dəymədağlı kəndində deyil, digər bölgələrdə də baxımsız, təmirə ehtiyacı olan tədris müəssisələri var”
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, hələ də təmirsiz, istifadəyə yararsız məktəblər var. Dövlət başçısı tərəfindən prioritet məsələ kimi məktəb tikintiləri əsas götürülsə də, bu işdə ləngimələr var: “Məlumat üçün bildirim ki, ölkədə 4430 məktəb mövcuddur, amma onlardan təxminən 100-dən çoxunun əsaslı təmirə ehtiyacı var. Xüsusilə də ucqar kəndlərdə bu tip təhsil ocaqlarına daha çox rast gəlinir. Dövlət bununla bağlı müvafiq proqramlar həyata keçirir. Hər il ölkə başçısının sərəncamı ilə modul tipli məktəblər tikilir. Bu modul tipli məktəblərin, ən azından, təmirsizlər bərpa olunana kimi istifadəsi mümkündür. Həmçinin modul tipli məktəb formasında tədrisin davam etdirilməsi nəzərdə tutulur”.
Ekspert onu da əlavə etdi ki, təkcə Bərdənin Dəymədağlı kəndində deyil, digər bölgələrdə də baxımsız, təmirə ehtiyacı olan tədris müəssisələri var: “Şagirdlərin dərs oxumaq imkanları daha da yaxşılaşdırılmalıdır. sTədrisin təşkili və reallaşdırılmasına uyğun daha çox təhsil ocaqları olmalıdır”.
Günel CƏLİLOVA