Pərvanə Mustafayeva: “Səhiyyə sisteminin normal səviyyədə işləməsi üçün regionlarda da lazımi şərait yaradılmalıdır”
Bu gün əksər ucqar ərazilərdə tibb məntəqələrinin vəziyyəti haqqında ürəkaçan sözlər demək olmur. Hətta bəzi ucqar kəndlərdə tibb məntəqələri ümumiyyətlə yoxdur.
Kənardan daxma kimi görünən köşklər əslində tibb məntəqələridir. Belə bir tibb məntəqəsi Bərdə rayonunun Hacıbəyli kəndində yerləşir. Məlumatlara görə, adıçəkilən kənddə yerləşən tibb məntəqəsi fermada yerləşir. Fermanın bir hissəsində qoyunlar saxlanılır, bir hissəsində isə tibbi xidmət göstərilir.
Rayonun Hacıbəyli, Kafarlı və Həsənli kəndlərində 2 minə yaxın insana xidmət göstərən tibb məntəqəsi uçub dağılmaq üzrədir. Kənd sakinləri deyir ki, bu məntəqədə onlara normal tibbi xidmət göstərilmir. Məntəqədə həkim olmasa da amma tibb bacıları fəaliyyət göstərir.
Kənd sakinləri tibbi xidmət almaq üçün şəhər mərkəzinə getməli olurlar. Bu da onlar üçün yol xərci və vaxt itkisi deməkdir.
Məsələ ilə bağlı Bərdə rayon Mərkəzi Xəstəxanasından bildirildi ki, məntəqə binası fermada yerləşdiyi üçün bir neçə gün əvvəl fəaliyyəti dayandırılıb. Sözügedən kəndlərdə tibbi xidmət üçün tibb bacısı səyyar xidmət göstərir. Uyğun bina üçün rayon icra hakimiyyətinə müraciət edilib.
Həkim ekspert Pərvanə Mustafayeva bildirdi ki, səhiyyə sisteminin normal səviyyədə işləməsi üçün regionlarda da lazımi şərait yaradılmalıdır: “Ucqar kəndlərdə olan tibb məntəqələrinin əksəriyyəti qəzalı vəziyyətdədir. Həmin tibb məntəqələrində nə normal ambulator şərait var, nə də peşəkar kadrlar çalışır. Xəstənin müayinə və müalicəsi üçün lazım olan tibbi ləvazimatlar isə Sovet dönəmindən qalmış cihazlardır. Onların da əksəriyyəti işlək vəziyyətdə deyil”.
Günel CƏLİLOVA