Bakının gözəlləşdiyi, parkların təmir edildiyi və yenidən qurulduğu bir ərəfədə Binəqədi rayonunda baxımsız və dağılıb getməkdə olan bir park var. Adıçəkilən ərazidə olan, “Təbiət evi” adlanan park baxımsız vəziyyətdədir. Parkın xoşagəlməz vəziyyətdə olması ilə bağlı sosial şəbəkədə də məlumat paylaşılır. Demək olar ki, parkın mövcud vəziyyəti təəssüf doğurur.
Həmin ərazidə yaşayan sakinlər qeyd edir ki, parkda əvvəlki kimi istirahət etmək, gəzmək, uşaqları əyləndirmək mümkün deyil. Parkda nə oturacaq var, nə yol getmək üçün səliqəli asfalt. Bu parkda nə yaşlı nəsil, nə də uşaqların istirahəti üçün heç bir şərait yoxdur. Parkın girəcəyini maşınlar tutub. Hər yer dağılıb. Parkın ərazisi suyun içindədir. Məlumata görə, ərazidə yeraltı suların sızması halları müşahidə edilir. Nəticədə yerin altından çıxan su parka yayılır. Bu da həmin ərazidə xoş olmayan mənzərənin yaranmasına səbəb olur.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi: “Gələcəkdə mərhələli şəkildə həmin ərazinin də abadlaşdırılması nəzərdə tutulub”
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirildi ki, Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən ərazidə yeraltı suların sızması halları müşahidə edilir: “Məsələnin həlli üçün təcrübəli geoloqların iştirakı ilə araşdırmalar aparılır və onların qərarından sonra müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Gələcəkdə mərhələli şəkildə həmin ərazinin də abadlaşdırılması nəzərdə tutulub".
Flora Hacıyeva: “Səlahiyyətli qurumlar parkları dirçəltməli, genişləndirməlidir”
Ekoloq Flora Hacıyeva bildirdi ki, səlahiyyətli qurumlar parkları dirçəltməli, genişləndirməlidir: “Təməli sovet dönəmində qoyulan parkların bir qismi baxımsız vəziyyətdədir. Parkların yenidən təmir olunması, demək olar ki, indi problemə çevrilib. Qurumlar bununla bağlı onlara göstəriş və maliyyə ayrılmasını gözləyir. Yaxşı olar ki, parklar özəl mülkiyyətə çevrilsin. Belə olarsa bu sahədə yaşanan problemlər həll olunar”.
Günel CƏLİLOVA