Bir neçə gün əvvəl sosial şəbəkədə Bakı şəhər sakini, 1-ci qrup fiziki məhdudiyyətli şəxs olan Zaur Seyidzadənin evinin qapısının Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən sökülməsi ilə bağlı videogörüntü paylaşılıb. Z.Seyidzadənin bildirdiyinə görə, özünü Yasamal İH nümayəndələri kimi təqdim edən, amma vəsiqə təqdim etməkdən boyun qaçıran şəxslər əlilin evinə soxularaq qapını söküb çıxarıblar və yerini də hörməyə başlayıblar.
Z.Seyidzadə bildirir ki, İcra Hakimiyyətindən ona heç bir yazılı xəbərdarlıq edilməyib, qapı sökülən zaman ona hər hansısa məhkəmə qərarı göstərilməyib. Bununla bağlı o, aidiyyəti qurumlara da müraciət edib: “Onlar mənə heç bir yazılı xəbərdarlıq etməyiblər. Şifahi xəbərdarlıqlarının da necə olduğu görüntülərdə əks olunur. Mən neçə vaxtdır, Yasamal rayon Prokurorluğuna da müraciət etmişəm ki, əgər İcra Hakimiyyətinin əməkdaşları gəlirsə və mən qanunsuz iş görürəmsə, mənə rəsmi formada hansısa bildiriş, yaxud protokol təqdim etsinlər. Ancaq onlar mənə heç bir sənəd verməyiblər. İkincisi, əgər mən həqiqətən qanunsuz iş görmüşəmsə, bunu məhkəmə yolu ilə aydınlaşdırmaq lazımdır. İcra Hakimiyyəti məhkəmənin səlahiyyətlərini öz üzərinə götürüb”.
“Vətəndaşın mənzildə dəyişiklik etmək planına qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müvafiq qurumlarla razılaşdırılandan sonra baxıla bilər”
Məsələ ilə bağlı Yasamal rayonu İcra Hakimiyyətindən bildirildi ki, vətəndaş vəziyyətlə bağlı İcra Hakimiyyətindən ona edilən yazılı və şifahi xəbərdarlıqlara məhəl qoymayıb: “Bu günlərdə sosial şəbəkələrdə paytaxtın Yasamal rayonu Həsən bəy Zərdabi küçəsi 77 ünvanında çəkilmiş videokadrla əlaqədar aşağıdakıları bildirməyi zəruri hesab edirik: qeyd edilən ünvanda mənzillərdən birinin sahibi pəncərənin yerində qanunsuz və özbaşına şəkildə qapı açmağa cəhd edib. Mənzil sahibi bu dəyişiklik barədə rayon İcra Hakimiyətinə heç zaman müraciət etməyib. Mənzil sahibi qanunsuz hərəkəti ilə əlaqədar rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən dəfələrlə yazılı və şifahi şəkildə xəbərdarlıq edilibdir. Lakin təəssüf ki, vətəndaş bu xəbərdarlıqlara məhəl qoymayıb. Bildiririk ki, vətəndaşın mənzildə dəyişiklik etmək planına qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müvafiq qurumlarla razılaşdırılandan sonra baxıla bilər”.
Günel CƏLİLOVA