Vaxtaşırı sosial şəbəkələrdə külli miqdarda valyuta ilə əylənmə videolarına rast gəlirik. Bu tərz videolara İnstaqram və “Tik-tok”da daha çox rast gəlinir. Bir neçə on min manatı bir yerdə nümayiş etdirirlər, müxtəlif formalarda onları sayırlar. Bəzən də hamamda "Manat vannası" qəbul edirlər. Bəzi adamlar tərəfindən bu videolar maraqla qarşılansa da, əksəriyyət bu cür göstəriləri qıcıqla qarşılayır. Ölkə əhalisinin əksəriyyətinin maddi sıxıntı içində olduğu bir vaxtda bu videolar harınlığın nümunəsi kimi qınanılır, kütləvi narazılığa səbəb olur.
Özünü bloger adlandıran şəxslər sosial şəbəkələr vasitəsilə canlı yayım açır və orada Azərbaycan manatını cırır, təhqiramiz ifadələr səsləndirirlər.
Onu da əlavə edək ki, manat Azərbaycanın milli, siyasi, iqtisadi müstəqilliyinin əlamətlərindən biri, milli rəmzləri sırasındadır. Azərbaycan manatı Konstitusiyaya görə Azərbaycan Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır və dövriyyədən çıxarılır. Beləliklə, manat dövlətin mülkiyyətində olduğu üçün ona qarşı hər hansı təhqiramiz və yaxud xoşagəlməz davranış nümayiş etdirmək dövlət əmlakına zərər vurulması hesab edilə bilər.
Bəs qanunvericilik nə deyir? Milli valyuta ilə bu cür rəftar hüquqi məsuliyyət yaradırmı?
“Cinayət qanunvericiliyində Azərbaycanın dövlət gerbinə və himninə hörmətsizlik cinayət məsuliyyəti kimi nəzərdə tutulur”
Hüquqşunas Hüseyn Axundov bildirdi ki, Azərbaycan manatının üzərində Azərbaycanın rəsmi məlumatları, simvolları yer aldığından, bu, dövlətə, dövlətçiliyə, o cümlədən cəmiyyətə qarşı hörmətsizlikdir: “Hər bir halda cəmiyyətin qınaq obyektinə çevrilən istənilən məsələ ilə bağlı dövlətin müvafiq tədbirlər görməsi normal və məqsədəuyğundur. Cinayət qanunvericiliyində Azərbaycanın dövlət gerbinə və himninə hörmətsizlik cinayət məsuliyyəti kimi nəzərdə tutulur. Manat və digər qorunmalı olan amillərə, məfhumlara qarşı da sərt məsuliyyət tədbirləri nəzərdə tutulmalıdır”.
Günel CƏLİLOVA