Son zamanlar Azərbaycanda insanlar arasında lotereya oyunları xeyli populyarlaşıb. Qanunla 18 yaşdan kiçik şəxslərə lotereyaların satışı qadağandır. Ancaq bəzi işbazlar qanunun tələbinə əməl etmir. Məlumatlara görə, bəzi işbazlar metrostansiyaların qarşısında, məktəblərin yaxınlığında yaşı 18-dən az olan şəxslərə lotereya satırlar. Qeyd etdiyimiz kimi, məktəb yaşlı şəxslərə lotereya satışı qanunla qadağandır.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən bildirilib ki, qanunvericiliyə əsasən, vətəndaşın yaşı 18-dən azdırsa, həmin şəxsə lotereya satışı qadağandır: “Lotereyanın satışı təşkil olunan ərazilərdə polis əməkdaşları tərəfindən də bununla bağlı nəzarət-profilaktik tədbirləri həyata keçirilir, aşkarlanan nöqsanlar aradan qaldırılır. Azyaşlıya lotereya satan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbir görülür”.
“Satıcı lotereya alan şəxsin məktəbli olduğunu bildiyi halda, 18 yaşı tamam olmayan şəxsə lotereyanı satacaq”
Hüquqşunas Hüseyn Axundov bildirdi ki, lotereyalar və idman mərc oyunları ilə bağlı qanunların pozulması inzibati məsuliyyətə səbəb olur: “Qanunvericilik yalnız yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və dolayı iştirakına yol verilməyə görə cərimə edir. Bunun üçün isə 1000 manata qədər cərimə nəzərdə tutulub. 18 yaşı tamam olmayan şəxsə lotereya satan şəxs inzibati qaydada məsuliyyət daşıyır. Bu gün istənilən metrostansiyanın qarşısında sərbəst şəkildə lotereya satışı həyata keçirilir. Istənilən yaşda olan şəxs lotereya ala bilər. Satıcı lotereya alan şəxsin məktəbli olduğunu bildiyi halda, 18 yaşı tamam olmayan şəxsə lotereyanı satacaq. Bununla da həmin şəxs qanunvericiliyin tələbini pozacaq”
Günel CƏLİOVA