Azərbaycan səhiyyə sisteminin aktual məsələlərindən biri də həkimlərin dərman firmaları ilə işbirliyinin olmasıdır. Ötən illərə nisbətən indiki şəraitdə bu işbirliyi qismən azalsa da, problem tam həllini tapmamaqda davam edir. Bir çox apteklərin nümayəndələri vaxtaşırı xəstəxanaları gəzir və həkimlərə xəstələrə məhz onların dərmanlarını vermələri müqabilində müəyyən təkliflər edirlər. Həkimlərin böyük əksəriyyəti isə daha çox qazanmaq səbəbi ilə bu işbirliyinə qoşulurlar.
Məsələnin problemli tərəflərindən biri isə odur ki, dərman şirkətləri ilə anlaşan həkimlər öz xəstələrini ucuz və keyfiyyətsiz dərmanları çox baha qiymətə almağa sövq edirlər. Yəni faktiki olaraq, həkimlər öz xəstələrinə bilərəkdən və şüurlu şəkildə maddi və sağlamlıq ziyanı vururlar.
Qeyd edək ki, dünya səhiyyəsində həkimlərin dərman firmaları ilə qanuni şəkildə əməkdaşlıq etməsi praktikası mövcuddur. Bu ölkələrdə əməkdaşlığın əsas məqsədi şirkətin alimin elmi tədqiqatına dəstək verməsidir.
Məlumat üçün bildirək ki, ölkəmizdə dərman firmalarının xəstəxanalara girişi qadağandır. Ancaq buna baxmayaraq, xəstəxanalarda dərman firmalarının əməkdaşlarına rast gəlmək mümkündür.
Sosial şəbəkələrdə yayılan bəzi görüntülərə əsasən, dərman firmalarının əməkdaşları, qadağan olsa da, Abşeron Rayon Mərkəzi Xəstəxanasına rahatlıqla daxil olaraq həkimlərlə ünsiyyətdə ola bilirlər.
“Ölkəyə daxil olan dərman vasitələrinin həkimlərə çatdırılması və tanıdılması üçün müəyyən mexanizm olmalıdır”
Professor, həkim ekspert Adil Qeybulla bildirdi ki, ölkəyə daxil olan dərman vasitələrinin həkimlərə çatdırılması və tanıdılması üçün müəyyən mexanizm olmalıdır. Ölkəmizdə bu sistem yoxdur deyə belə xoşagəlməz hallar yaşanır. Bu cür neqativ halların qarşısını almaq üçün isə icbari tibbi sığorta mexanizmi tam işə düşməlidir.
Ekspertin sözlərinə görə, həkimlərin əksəriyyəti firmaların təklif etdiyi dərmanlarla işləyir. Dərmanların təyinatı müəyyən maraqlar əsasında aparılır: “Hesab edirəm ki, bu məsələ həll edilməlidir. Həkimlər dərman təyinatına xüsusi diqqət yetirsinlər. Məlumdur ki, ayrı-ayrı firmalar öz dərmanlarını satmaqda maraqlıdırlar. Hər bir firma istəyir ki, onun dərmanı daha çox yazılsın. Bu bir kommersiya marağıdır. Çünki dərmanı ölkəyə idxal edən firmalar tibbi təyinatlı kommersiya müəssisələridir ki, onların da maraqları biznes maraqlarıdır. Ona görə də bu məsələlərə yanaşma təsəvvürləri bir az yanlışdır. Hesab edirəm ki, əsas məsələ Azərbaycanın dərman bazarında keyfiyyətli dərmanların olmasıdır. Keyfiyyət parametrləri aşağı olan dərmanların Azərbaycana idxalına imkan verilməməlidir və insanlar bu dərmanlardan əziyyət çəkməməlidirlər”.
Günel CƏLİLOVA