Erkən nikah bir çox hallarda ailələrdə münaqişələrə və boşanmalara səbəb olur.
Bu fikirlər Astara Rayon Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Pəlikəş kənd tam orta məktəbində “Erkən nikahlar və gender bərabərliyi” mövzusunda keçirilən maarifləndirici tədbirdə dilə gətirildi. Astara Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Bəhlul Rufullazadə, “Sım kitab köşkü” sosial maarifçilik layihəsinin təsisçisi Fəranə Mikayılova, Vətən müharibəsi qazisi İlham Əkbərov mövzu ilə bağlı çıxış etdilər. Bildirildi ki, erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və son nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Azyaşlı uşaqları erkən nikaha və uşaq evliliyinə məcbur etmək demokratik ölkələr üçün heç bir halda normal qəbul edilə bilməz. Çıxışlardan sonra mövzu ətrafında şagirdləri maraqlandıran suallara cavab verildi.
Maarifləndirici tədbirdə rayonun yüksək dağlıq ərazisində yerləşən Pəlikəş, Şümrüd, Sım, Sipyəpard kənd tam orta məktəblərinin şagirdləri və gənc müəllimlər iştirak edirdilər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü