Lerikdə unudulan dağ kəndlərindən biri də Bradidir. Bu dağlar diyarında yaşamaq çox ağırdır. Çünki Bradi başdan-başa sosial problemlər içindədir. Respublikamızda olan inkişaf zərrə qədər də burada hiss olunmur. Ağır həyat gəncləri kənddən perik salıb. Belə bir vaxtda 60 evin indi 40-ə yaxının qapısına qıfıl vurulub. Sadəcə insan kimi yaşamağa Bradidə heç bir şərait yoxdur. Dəhşət odur ki, belə olduğu halda onun gələcək taleyi ilə rayonda maraqlanan tapılmır. Bu yerdə bradililərinin özünü dindirsək lap yerinə düşər.
İlyas Qurbanov: - Uzun illərdi bizi yada salan yoxdur. Sosial problemlərimiz bir deyil, iki deyil. Bu səbəbdən də doğma yurdumuzda insan kimi yaşaya bilmirik. Ərazimizə işləyən avtobus sovet dağılanı yoxa çıxdı. Kəndin küçələrində toz-torpaq, palçıq əlindən tərpənmək olmur. Elektrik dirəklərinin çoxu çürüdüyü üçün məftillərdən asılı qalıb. Odur ki, bir balaca külək əsəndə, yaxud qar olanda günlərlə qaranlıqda qalırıq. Evləri isitməyə yanacaq tapa bilmirik. On ildir ki, bizə “mavi” qazın verilməsi haqqında söz-söhbət gəzir... Çox ağır günə düşmüşük.
Şahvəli Hüseynov: - Günlərimiz get-gedə pisləşir. Qayğılar içində sözün əsl mənasında itib-batmışıq. Son illər biganəlik üzündən kəndin çox hissəsi köçüb gedibdir. Qalanların günü də gün deyil. Hər il qış gələndə səksəkə içində yaşayırıq. Yanacaq odun tapa bilmirik, soyuq otaqlarda əziyyət çəkirik. Şaxtalı günlərdə hətta burada ölüm-itimdə olur. Ən çox ehtiyac duyduğumuz qaz məsələsi öz həllini tapmır ki, tapmır.
Güloğlan Babayev: - Hər işimiz problemdir. Məmurlar tərəfindən bütün imkanlarımız əlimizdən alınıb. Gün-güzəranımız ağır keçir. Dövlət başçısının öz vətəndaşları üçün yaratdığı heç bir rahatlıqdan istifadə edə bilmirik. Bu dözülməz vəziyyətdən çıxmaqdan ötrü Prezidentimizdən kömək istəyirik.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü