XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıda neft bumu yaşananda şəhərin bir sıra ərazilərində mühüm binalar tikildi. O zaman Sabunçuda da böyük mülklər inşa olundu. Sabunçuda indinin özündə də o dövrün milyonçularına məxsus mülklər qalır. Məsələn, həmin mülklərin birində Bakı Sənaye Kolleci yerləşir.
Ancaq bir vaxtlar Sabunçuda milyonçuların tikdirdiyi mülklər indi baxımsız küçələrdədir. Problem ondadır ki, ərazidə kanalizasiya olmadığı üçün yağış yağanda küçələri su basır. Qəsəbənin küçələri keçilməz olur. Yaxınlıqdakı Sabunçu bazarı, vağzalı, bir az aralıdakı yeraltı magistral tuneli su basır. Sakinlər deyir ki, yağışlı havada bazarda gərək çəkmə ilə gəzəsən. Hansı fəsil olmasından asılı olmayaraq, yağış yağan kimi yollar keçilməz olur. Sakinlər ya uzunboğaz çəkmə geyməli olur, ya da ayaqqabını sellofan torbaya keçirirlər. Ərazidə ümumən kanalizasiya olsa da işləmir. Bir az yağış olan kimi hər tərəfi su basır. İldə bir neçə dəfə tunelin altına su dolur və ətraf məhəllələrə yayılır. Tunelin altındakı suyu böyük qabaritli nasoslarla çəkirlər. Sabunçu Sukanal İdarəsi deyir ki, problemin köklü həlli onlardan asılı deyil. Bunu onunla əsaslansırırlar ki, yaxınlıqdakı tunel “Azəryolservis”in balansındadır. “Azəryolservis” isə tunelən onların balansında olduğunu inkar edir.
Beləcə, qurumlar məsuliyyəti öz üzərinə götürmür. Nəticədə həm qəsəbadaxili yollar yağışlı havada keçilməz olur, həm də bir vaxtlar milyonçuların tikdirdiyi binalar yağış suları üzündən ciddi aşınmaya məruz qalır.
“Sabunçu bazarının ətrafında necə gəldi evlər bir-birinə sıx şəkildə inşa olunub”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin fikrincə, sözün həqiqi mənasında Sabunçu qəsəbəsinin yolları, kanalizasiya sistemi bərbad vəziyyətdədir: “Bunun müxtəlif səbəbləri var. Başlıca səbəb ondan ibarətdir ki, mövcud kanalizasiya sistemi orada inşa edilən yaşayış evlərinin, sosial obyektlərin sayına adekvat deyil. Evlər həddən artıq çox olduğuna görə yağış və tullantı sularını ötürə bilmir. Bu səbəbdən bir az yağış olan kimi, palçıq əlindən tərpənmək olmur. Problem ondadır ki, Sabunçu bazarının ətrafında necə gəldi evlər bir-birinə sıx şəkildə inşa olunub. Bəzilərinə ev də demək olmur, daxmadır. Evlərin bir qismi kanalizasiya şəbəkəsinə qoşulmayıb. Bu da həm tullantı sularının küçələrə axıdılmasına, həm də qrunt sularının səviyyəsinin artmasına səbəb olur. Nəzərə almalıyıq ki, Sabunçu bazarı və ətrafı çökəklikdə yerləşir. Bu isə yağışlı havada vəziyyəti daha da pisləşdirir. 10-15 il əvvəl lazımı tədbirlər görülsəydi, vəziyyət bu dərəcədə acınacaqlı olmazdı. Problemlər o qədər üst-üstə yığılıb ki, onları həll etmək müşkül məsələdir. Çünki bundan sonra kanalizasiya sistemini yeniləmək çox çətin olacaq. Ona görə ki, tikililər həddən artıq çox və sıxdır. Səbəbi onunla əlaqədardır ki, plansız tikilib. Tikinti normaları gözlənilməyib”.
Bu baxımdan ekspert sadalanan problemlərin həll ediləcəyinə ümid etmədiyini qeyd etdi.
Vidadi ORDAHALLI