Paytaxtımızda mövcud olan park və bağların çox böyük əksəriyyəti yüksək səviyyədə yenidən qurularaq, təmir edilərək əhalinin ixtiyarına verilsə də, təəssüflər olsun ki, hələ də abadlaşdırılmamış parklara, bağlara təsadüf etmək mümkündür.
Altıncı mikrorayonda yerləşən “Dendra” parkın ərazisi baxımsız vəziyyətdədir. Hazırda oturacaqları olmayan, fəvvarələri işləməyən bu park ürək ağrıdan vəziyyətdədir. Sakinlərin istirahəti üçün nəzərdə tutulan park indi demək olar qamışlığa çevrilib. Ərazidə yaşayanlar qeyd edir ki, adıçəkilən parkda əvvəllər uşaq və böyüklərin istirahəti üçün müxtəlif imkanlar olsa da, sonradan baxımsızlıqdan pis hala düşüb.
Ətrafda yaşayan sakinlərin sözlərinə görə, park o qədər bərbad vəziyyətdədir ki, nəinki orada oturub isrirahət etmək, hətta keçib getmək belə mümkün deyil. Vaxtilə abad olan, uşaqların əylənməsi, valideynlərin istirahəti üçün hər bir şəraitə malik olan park indi unudulub. Sakinlərin bildirdiyinə görə, parkı abadlaşdırmaq, yaşıllaşdırmaq, uşaqların əylənməsi üçün şərait yaratmaq isə, hələ ki, heç kəsin yadına düşmür, problem ictimailəşdikdən sonra bəlkə “Dendra” parkı xatırlayıb onun dərdinə əlac tapan oldu: “Parkda ağaclar quruyur, yaşıllığa qulluq olunmur, ərazi zibillənir, asfalt örtüyü bir çox yerdə yararsız hala düşüb. Park yenidən qurulmalıdır. Parkın bərbad vəziyyəti, yaşıllıq guşəsinin baxımsız durumu qəsəbə sakinlərini narahat edir, burada həm uşaqların, həm də gənclərin və yaşlı insanların mədəni istirahəti üçün lazımi şərait yaratmaq olar”.
Binəqədi RİH: “6-cı mikrorayon, Rəşid Behbudov küçəsində yerləşən və “Dendra” park adlanan yaşıllıq sahəsi Binəqədi Rayon İcra Hakimiyyətinin balansında deyil”
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirildi ki, 6-cı mikrorayon, Rəşid Behbudov küçəsində yerləşən və “Dendra” park adlanan yaşıllıq sahəsi Binəqədi Rayon İcra Hakimiyyətinin balansında deyil: “Adıçəkilən sahə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansındadır”.
Flora Hacıyeva: “Son vaxtlar yeni parklar, yaşıllıqlar artsa da, köhnə parkların durumu ürəkaçan deyil”
Ekoloq Flora Hacıyeva bildirdi ki, son vaxtlar yeni parklar, yaşıllıqlar artsa da, köhnə parkların durumu ürəkaçan deyil. Ekoloqun sözlərinə görə, yay aylarında ağacların budanması onları məhvə aparır: “Səlahiyyətli qurumlar parkları dirçəltməli, genişləndirməlidir. Yayda ağac budamaq o deməkdir ki, sən onları qurudursan, ölümünə şərait yaradırsan. Ümumiyyətlə, təməli sovet dönəmində qoyulan parkların bir qismi baxımsız vəziyyətdədir”.
Günel CƏLİLOVA