Əlillik dərəcəsi təyin olunmamasından narazı qalan Vətən müharibəsi iştirakçısı Hüseynov Qiyas Sahib oğlu fevralın 21-də Gəncə Şəhər İcra Hakimiyyətinin qəbul otağına gələrək təkidlə ona əlilliyinin təyin edilməsinə köməklik göstərilməsini tələb edib. Müharibə iştirakçısı istədiyi münasibəti görməyəndə isə özünün və İcra Hakimiyyətinin əməkdaşlarının üzərinə benzin tökərək yandırmağa cəhd edib.
Baş vermis hadisə ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirildi ki, istəyi ilə bağlı ətraflı izahat verilməsinə baxmayaraq, Q.Hüseynov özünün və İcra Hakimiyyətinin əməkdaşlarının üzərinə benzin tökərək yandırmağa cəhd etməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona qarşı zor tətbiq etmə ilə müşayiət edilən qərəzli hərəkətlər edib: “Qiyas Hüseynov Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşlarının və polis işçilərinin yanında Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, eyni zamanda Vətən müharibəsi iştirakçısı olan Babayev Ayxan Cavanşir oğlunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq, başı ilə onun üz nahiyəsinə zərbə vuraraq dövlət məmuruna xəsarət yetirib.
“Qiyas Hüseynov özünün və İcra Hakimiyyətinin əməkdaşlarının üzərinə benzin tökərək yandırmağa cəhd edib və ictimai qaydanı kobud surətdə pozub”
Məsələyə hüquqi qiymət verilməsi məqsədilə şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət olunub. Məlumat üçün bildirək ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ayxan Babayev Vətən müharibəsinin iştirakçısı olub, “N” saylı hərbi hissənin manqa komandiri kimi Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azadlığı uğrunda vuruşub. O, Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamları ilə isə “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub”.
Günel CƏLİLOVA