Paytaxt, rayon yollarında yol qəza hadisələrinin artmasının əsas səbəblərindən biri yolların çala-çuxur olmasıdır. Çala-çuxur yollarda qeydə alınan yol qəza hadisələrinin sayı heç də az deyil. Bir neçə gün əvvəl Bakı-Quba yolunda, Tağıyev qəsəbəsi ərazisində qəza hadisəsi baş verib. Qəza zamanı bir ailənin üç üzvü həlak olub.
Qəzanın baş verməsinə səbəb yüksək sürət olsa da, yolda qüsur olub. Avtomobil çalaya düşdüyü üçün yolda idarətməni itirərək qəza törədib.
Ekspertlərin bildirdiyinə görə, qeyd olunan yolda neçə dəfə yol qəza hadisəsi baş verib.
Elməddin Muradlı: “Qəzaya səbəb yoldakı nöqsandır, agentlik bunu vaxtında aşkar edib aradan qaldırmalı idi”
Nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yollarda ölüm mənbəyi yaradır, qanun qarşısında cavab verməlidirlər: “Bir neçə gün əvvəl Bakı-Quba yolunda, Tağıyev qəsəbəsi ərazisində baş vermiş qəzada cavan ər-arvad və onların bir yaşlı oğlu öldü. Dəhşətli hadisədir. Düzdür, qəzada yüksək sürət, ölümdə isə təhlükəsizlik kəmərinin taxılmaması rol oynayıb. Amma bizim qanunvericilik imkan verir ki, qəzanın başvermə səbəbini də araşdırıb, tədbir görsünlər. Yəni qəzaya səbəb olan amillər də nəzərə alınmalıdır. Hər halda, maşın heç nədən yoldan çıxıb aşmadı. Yolda ciddi qüsur var imiş. Belə olan halda isə vətəndaş yol təsərrüfatındakı qüsura görə dəymiş maddi və mənəvi zərəri həmin yola cavabdeh olan dövlət qurumundan tələb edə bilər. Qəzadan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dərhal qəza baş verən yerdə təmirə başlayıb. Vətəndaşlar mənə çoxlu müraciətlər edib bildirir ki, yolda çökmə nəticəsində boşluq (dalğa) yaranır və sürətli gedən maşın idarəetmədən çıxır. Təmirə başlanması bunu təsdiq etdi. Qəza videosu da DYP tərəfindən yayıldı və görüntülər də təsdiq edir ki, maşın sürətli gedir və qəfildən boşluğa düşərək idarəetmədən çıxıb, yoldan kənara aşır. Deməli, qəzaya səbəb yoldakı nöqsandı. Agentlik bunu vaxtında aşkar edib aradan qaldırmalı idi”.
Elxan Əliyev: “Çala-çuxura düşən avtomobildə anidən yaranan texniki nasazlıq çox ciddi qəzaya, avtomoblin aşmasına səbəb ola bilər”
Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, çala-çuxurlu yolda hərəkət edən sürücü tez aqressivləşir, heç kəsə güzəşt etmək istəmir, digər qaydaları pozmağa meyllənir. Xüsusən çala-çuxurlu yoldan rahat yola çıxan sürücü sürət rejimini pozur. Bu da ciddi qəza risqidir: “Çala-çuxura düşən avtomobildə anidən yaranan texniki nasazlıq (hətta bəzən təkərin oxdan qopub aralanması və s.) çox ciddi qəzaya, avtomoblin aşmasına, idarəetmədən çıxaraq başqa nəqliyyat vasitələri ilə toqquşmasına səbəb ola bilər”.
Günel CƏLİLOVA