Son vaxtlar apteklərdə ucuz dərmanlar tapılmır. Bəzi vətəndaşlar deyirlər ki, xüsusilə də virusların geniş yayıldığı bu dövrdə hər kəs üçün əlçatan olması baxımından apteklərdə ucuz dərmanların satışının təşkili daha yaxşı olardı.
Qeyd etdiyimiz kimi, bəzi apteklərdə dərman qıtlığı yaşanır. Apteklərdə əsasən “Valerian”, ağrıkəsici təsirə malik qeyri-steorid iltihab əleyhinə vasitə olan “Nimesil”, “Natrium xlorid” (infuziya üçün məhlul), qrip əleyhinə dərman tozları, hətta qızdırmaölçən civəli termometrlər də tapılmır. Apteklərdə çalışanlar qeyd olunan dərman preparatlarının depoda belə olmadığını qeyd edir.
Əczaçılar deyir ki, hazırda bəzi apteklərdə tapılmayan dərmanlarla bağlı müraciət edən alıcıların sayı kifayət qədərdir “Əksər dərmanlar müəyyən məhdudiyyət və limit çərçivəsində depodan alınır. Ümumiyyətlə, hər dəfə ölkədə koronavirusa yoluxma artanda apteklərdə dərman çatışmazlığı yaranır”.
Alıcılar qeyd edir ki, qiyməti Avropa istehsalı olan dərmanlardan xeyli ucuz Rusiyanın istehsalı olan dərmanların satışı bir çox aptekdən yığışdırılıb.
Vətəndaşların sözlərinə görə, indiyədək almağa öyrəşdikləri dərmanlar ucuz olsa da, bu dərmanlar soyuqdəymə, qrip və ürək ağrıları kimi səhhətdə yaranan ənənəvi problemləri aradan qaldırmağa imkan verirdi. Vətəndaşlar, xüsusilə də müxtəlif virusların geniş yayıldığı son illərdə belə ucuz dərmanlara daha çox ehtiyac olduğunu deyirlər.
“Dərman maddələrinin keyfiyyət parametrlərinin aşağı olması, digər tərəfdən isə qıtlıq əhali arasında çox ciddi problem yaradıb”
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, bu problemə görə dərmanları ölkəyə idxal edən şirkətlər cavabdehdir: “Onlar bu işin məsuliyyətini öz üzərlərinə götürüblər və bu məsələ ilə özləri məşğuldurlar. İndiki dövrdə bir tərəfdən dərman maddələrinin keyfiyyət parametrlərinin aşağı olması, digər tərəfdən isə qıtlıq əhali arasında çox ciddi problem yaradıb”.
Günel CƏLİLOVA