Babək prospektində yerləşən “8-ci kilometr maşın bazarı”nda dükan sahibləri bu günlərdə bazara girişin bağlanmasına etiraz ediblər. Sahibkarlar bildirir ki, bazara 10 gündən çoxdur giriş bağlıdır. Şikayətçilər qeyd edir ki, bazara girişin bağlı olmasının səbəbi rəhbərliyin qeyd olunan ünvanda market tikməsidir.
Sahibkarlar qeyd edir ki, bazara girişin bağlı olması onların işini daha da pis vəziyyətə salıb: “Belə bir fikir yayılıb ki, bazara girişin açılması hələ 10 gün sonra da mümkün olmayacaq. Ticarətimiz ölüb, bəs biz neyləyək, ailəmiz-uşağımız var, evimizə çörək aparmayaq?”
Satıcılar onu da bildirir ki, bazarın iki giriş yeri var, biri bağlanıb. Səbəb maşın aksessuarı mağazasının açılışı ilə bağlıdır. Reklamı getsin, alıcılar bir girişdən girib mağazanı görə bilsinlər deyə bazar sahibi bu yola əl atıb. Satıcıların dediyinə görə, məlum məsələ ilə bağlı bazar rəhbərliyi ilə görüşmək istəyiblər, lakin bu mümkün olmayıb.
“Sahibkarlar hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət edə bilər”
Məsələ ilə bağlı fikir bildirən sosial sahə üzrə ekpert Elxan Əliyev qeyd etdi ki, bazar rəhbərliyinin bazara girişi bilərəkdən bağlaması düzgün deyil: “Nəzərə almaq lazımdır ki, həmin bazarda çoxlu sayda insan çalışır. Işçilərin bazara girə bilməməsi onlarla insanın maddi durumunu çətin vəziyyətə salır. Sahibkarlar iddia edir ki, bazarda market tikilir, bu səbəbdən də onlar içəri buraxılmır. Əgər bu doğrudursa, o zaman sahibkarlar hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət edə bilər”.
Günel CƏLİLOVA