Bu şaxtalı qış günlərində Lerikin əksər kəndlərində yanacaq qıtlığı var. Evləri isitmək indi ən çətin bir məsələdir. “Mavi” qaz yox, yanacaq odun gətirməyə də qadağa qoyulub.
Meşə işçilər isə satdıqları oduna elə bir qiymət deyirlər ki, onu almaq qeyri-mümkündür. Bu səbəbdən soyuq otaqlarda qışın sərt üzünə dözmək çox çətindir. Ölkə başçısının Azərbaycan vətəndaşları üçün gördüyü rahat həyat hələ ki, Lerikin kəndlərinə gəlib çatmayıb. Məhz buna görə də qayğılar içində itib-batan Lerik kəndlisi ailəsini şaxtalı günlərdən yaza sağ çıxartmaqdan ötrü sözün əsl mənasında ölüm-dirim mübarizəsi aparır. Bunun əksinə olaraq meşə işçilərinə isə bayramıdır. Odunu say hesabı ilə satırlar. Kəsdikləri cavan ağacların hesabına qaz vurub qazan doldurur.
Aküçəpeştə kənd sakini Güləli Quliyev deyir: - Əvvəllər belə çətinlik olmazdı. Camaat gedib meşədən odun gətirib qışın soyuğundan çıxardı. Nə zaman ki, kəndlərə qazın verilməsi haqqında söz düşdü günümüz göy əskiyə büküldü. Qaz bir yana qalsın, meşələr camaatın üzünə bağlandı. İndi təqribən doqquz il olar ki, qışa lazım olan yanacaq tədarükünü görə bilmirik. Bu gedişlə heç bundan sonra on ilə də kəndimizə qaz çəkilməz.
Daha bir-neçə nəfərin dedikləri. Əlisa İsmayılov (Vıjaker kəndi): - Qışın soyuğundan əziyyət çəkirik. Deyilsə də kəndimiz qazsız qalıb. Son illər meşələrdən odun tədarükünə qadağa qoyulub. Bilmirik qışın şaxtasından neçə çıxaq. Dərdimizi deməyə adam tapa bilmirik, əlacımız artıq hər yerdən üzülübdür.
Sarvan Rəfiyev (Hovil kəndi): - Dağ kənlərinə nə qaz verilir, nə də yaxın meşələrdən odun tədarükünə icazə. Bundan istifadə edən meşə işçiləri son illər odunun qiymətini bir on qaldırıblar. Yanacaq qıtlığı üzündən günün çox hiss evləri isidə bilmirik.
Rəhim Bünyatov (Dzdipok kəndi): - Qarlı günlər bizi çətinə salıb. Yanacaq yoxdur, soyuq otaqlarda qalmaq olmur. Kəndə qaz çəkiliş isə yubadılır. Şaxtalı qışdan sağ çıxmağa güman qalmayıb.
Babal Babayev (Bradi kəndi): - Mən qoca adamam. Son vaxtlar yanacaq odun tapmaq çox çətindir. Yalnız kəndlərə “mavi” qazın verilməsi qışın şaxtasından bizi qurtara bilər. Bu işdə dövlət başçısından köməklik istəyirik.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü