Bakının Yasamal rayonu ərazisində yerləşən Yasamal parkının ətrafında yaşayan sakinlər redaksiyamızla əlaqə saxlayaraq şikayət etdilər ki, Yasamal parkı yanındakı işməli su anbarının ətrafı itlər oylağına çevrilib.
Sakinlərin bildirdiyinə görə, insanlar gətirib orada it gəzdirir və itlər də hər addımbaşı anbara yaxınlaşırlar. Sakinlərin redaksiyamıza təqdim etdiyi fotodan da açıq görsənir ki, içməli su anbarı itlərin məskəninə çevrilib. Sakinlər deyir ki, Yasamal parkı yaxınlığındakı su anbarının yanında itlərin gəzdirilməsi bütün hallarda anormallıqdır. Xüsusən də pandemiya və infeksiyalarla mübarizə apardığımız bir vaxtda bu narahatlıq doğurur. Sakinlər əlaqədar qurumların həmin əraziyə itlərin buraxılmasına qadağa qoymasını istəyirlər.
Sözügedən məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, bu məsələ onların səlahiyyətində deyil.
Yasamal Rayon İcra Hakimiyyəti: “Sakinlərin bu barədə şikayətlərinə cavab vermək icra hakimiyyətinin səlahiyyətində deyil”
İçməli su ambarı Yasamal rayonu ərazisində yerləşdiyi üçün Yasamal Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Yasamal RİH-dən bildirdilər ki, bu barədə onların hər hansı qərar vermək səlahiyyəti yoxdur: “Həmin içməli su anbarının bizə heç bir aidiyyəti yoxdur və anbar “Azərsu”nun balansındadır. Bu baxımdan, sakinlərin bu barədə şikayətlərinə cavab vermək icra hakimiyyətinin səlahiyyətində deyil”.
Anar Cəbrayıllı: “O anbardan vətəndaşların su təminatında istifadə olunmur”
“Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə “Bakı-Xəbər”ə bildirdi ki, sözügedən içməli su anbarı hazırda istismarda deyil: “İnsanların, heyvanların gəzdiyi ərazidəki su anbarı bu gün istismar olunmur. Yəni o anbardan vətəndaşların su təminatında istifadə olunmur. Yəni o anbarın içərisində su yoxdur. Üstəlik də, bilirsiz ki, Yasamal parkına da xidmət bizim qurum tərəfindən həyata keçirilir. Yasamal parkına gələn insanlar park əməkdaşlarına və “Azərsu”ya tez-tez müraciət edirlər ki, orada çoxlu sayda ev heyvanlarının gəzdirilməsi onların istirahətini pozur, xüsusən də uşaqları qorxudur. Belə deyək, sakinlər ev heyvanlarının ora buraxılmaması tələbini irəli sürürlər. Biz də bu məsələni qeyri-hökumət təşkilatları və ev heyvanları sahibləri ilə müzakirə etdik. Qərara alındı ki, ev heyvanlarının gəzdirilməsi üçün həmin o istismar olunmayan anbarın ərazisində qapalı kiçik bir yer ayrılsın və həmin ərazidə vətəndaşlar ev heyvanlarının gəzintisini həyata keçirsinlər. Yəni ev heyvanları artıq parkın ərazisində yox, onlar üçün ayrılmış xüsusi yerdə olsunlar. Bununla bağlı heyvan saxlayanlar bizə müraciət etmişdilər, onlarla görüş keçirilmişdi və o görüşün əsasında belə qərar qəbul edilmişdi. Aidiyyəti dövlət qurumları da bu barədə məlumatlandırılıb”.
İradə SARIYEVA