Azərbaycanda son iki ildir ölüm sayında antirekort qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda bildirilir.
Belə ki, 2020-ci ildə Azərbaycanda ölənlərin sayı əvvəlki illərə baxanda 20 min nəfər artıb, yəni ölüm sayı 55 mindən 75 min nəfərə yüksəlib.
“Gənc ölümlərin səbəbləri sırasında Azərbaycanda dərman vasitələrinin keyfiyyətsizliyi də mühüm rol oynayır”
Məsələ ilə bağlı fikir bildirən sosioloq Aytəkin Kamranqızı qeyd etdi ki, 2020-2021-ci illərdə Azərbaycanda ən yüksək ölüm statistikası qeydə alınıb. Belə ki, 2020-ci ildə ölkədə 75 min nəfər dünyasını dəyişib, 50 min nəfər doğulub. Ölənlərin sayı doğulanların sayından 25 min nəfər çox olub. 2021-ci ildə isə ölkədə 76 min 878 ölüm halı qeydə alınıb: “Koronavirus ölümlərini çıxsaq da, ardıcıl iki ildir ki, 15 min “artıq ölüm” qeydə alınıb. Ən pisi isə odur ki, ölənlərin 40 faizi 65 yaşa çatmayanlardır. Ölənlərin 1793 nəfəri (2,3 faizi) 0-17 yaşda, 7747 nəfəri (10,1 faizi) 18-49 yaşda, 21,004 nəfəri (27,3 faizi) 50-64 yaşda, 46,334 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub. Onu da qeyd etmək lazımdır ki, ölənlərin sayı artsa da, doğulanların sayında ciddi azalma var”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanda əhalinin azalması əsasən koronavirusla bağlıdır: “Çünki insanların bir çoxu indiki şəraitdə uşaqların olmasını istəmir. Nəyə görə? Ona görə ki, ana hamilə olanda tez-tez xəstəxanaya, poliklinikaya getməli və həkim nəzarətində olmalıdır. Problem ondadır ki, insanlar indi müainəyə də getməyə qorxurlar. O mənada ki, virusa yoluxmaqdan ehtiyat edirlər. Üstəlik, uşaq dünyaya gələndən sonra da xəstəxanaya getmək lazımdır. Həkim nəzarətinə ehtiyac var və s. Bütün bunlar, istər-istəməz, təmasları artırır. Təmasların artması isə virusa yoluxma risqini yüksəldir. Başqa bir tərəfdən, iqtisadi çətinliklər əhalinin artmasına mənfi təsir edir”.
Sosioloq hesab edir ki, gənc ölümlərin səbəbləri sırasında Azərbaycanda dərman vasitələrinin keyfiyyətsizliyi də mühüm rol oynayır: “Bu faktdır ki, Azərbaycanda bir çox dərman vasitələrinin keyfiyyəti aşağıdır. Bu da xəstəliklərin müalicəsində gözlənilən effekti əldə etməyə imkan vermir. Nəticədə də gənc yaşda ölüm sayı artır”.
Günel CƏLİLOVA