Paytaxt mağazalarının birində üzərində marixuananın şəkli olan içki satıldığı aşkarlanıb. İçkinin üzərində tərkibini bildirən etiketdə də vitaminlərlə bərabər xaşxaş bitkisinin olduğu qeyd edilib. Qiyməti 3 manat 89 qəpiyə olan həmin içki alman istehsalıdır.
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, məsələ dövlət qurumu tərəfindən qeydiyyata alınıb və bununla bağlı araşdırma aparılacaq.
“Ölkədə istehlakçılar üçün məlumat standartı da mövcud deyil”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, ümumiyyətlə, malların etiketləşdirilməsi və keyfiyyət məsələsi ortalıqda qalıb: “Bununla nə İqtisadiyyat Nazirliyi, nə də AQTA məşğul olur. İstehlakçı isə məlumatı etiketdən alır. Ölkədə istehlakçılar üçün məlumat standartı da mövcud deyil”.
Ekspertin dediyinə görə, bir neçə qanunda, o cümlədən, “Dövlət dili haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarda, Nazirlər Kabinetinin 94 saylı qərarında ölkədə satılan bütün malların Azərbaycan dilində etiketləşdirilməsi nəzərdə tutulub. Ancaq bu qayda da pozulur.
Mütəxəssislər onu da vurğulayır ki, ölkə daxilində narkotik vasitələrin satışı və dövriyyəsi qanunla qadağandır. Eyni zamanda, bu içkinin üzərində narkotik tərkibli bitkinin açıq şəkildə reklam olunması da qanunla qadağandır və bunu edənlər məsuliyyət daşıyır.
E.Hüseynov vurğulayıb ki, İran məhsulları satılan dükanlarda malların hamısı xarici dildə markalanıb və zəhərlənmələr var: “Heç insanlar məhsulun buraxılma tarixi ilə yararlılıq müddətini də bilmirlər. Ona görə də ortaya bu cür məsələlər çıxır. Etiketə nəzarət edən yoxdur. AQTA-nın gördüyü işlər isə dayanıqlı və davamlı deyil. AQTA gərək məhsulun etiketinə baxıb daxilində nə olduğu ilə bağlı analizlər aparsın. Bunu etmirlər. İllər boyu milyon dollara yaradılan laboratoriyaların hamısı partizan kimi susur. Bu anormal bir vəziyyətdir”.
Günel CƏLİLOVA