AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun mərhum əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Aydın Xəlilovun tərtib edib nəşrə hazırladığı “İmadəddin Nəsimi. Biblioqrafiya” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunmuşdur. Kitabın redaktoru filologiya elmləri doktoru Nəsib Göyüşovdur. Kitab Aydın Xəlilovun “Tərtibçidən” adlı yazısı ilə açılır. Müəllif burada Nəsimi və onun irsi haqqında qısa məlumat vermişdir.
Kitabın birinci bölümü “Nəsimi əsərləri əlyazmalarda” adlanır. Bölümün “Divanlar - qəzəllər” başlığında Nəsimi əsərlərinin əlyazmalarının hansı elm ocaqlarında olması barədə məlumatlar təqdim edilmişdir. Buradan görünür ki, Antalya Elmalı Xalq kitabxanasında 1, Avstraliya Milli kitabxanasında 2, Bakı Əlyazmalar institutunda 17, Britaniya Muzeyi kitabxanasında 2, Berlin Dövlət kitabxanasında 3, Bratislav Universiteti kitabxanasında 1, Düşənbə Əlyazmalar Fondunda 7, Daşkənd Əlyazmalar Institutunda 5, İstanbulun Ayasofiya, Bəyazit, Xosrov Paşa, Süleymaniyye, Səlim ağa, Topqapı Sarayı, Nuri-Osmaniyye və İstanbul Universiteti kitabxanalarında 14, Konya Mövlana Muzeyi kitabxanasında 12, Qahirə Darəl-kutubda 3, Zeyden Universiteti kitabxanasında 1, Matnedaranda 2, Roma Vatikan Apostol kitabxanasında 3, Təbriz Milli kitabxanasındaı 2, Tehran ədəbiyyat fakültəsində 1, Tehran Səna Məclis kitabxanasında 11, Tehran Universitet kitabxanasında 4 və s. elm ocaqlarında müxtəlif şifrlər altında Nəsiminin divanları və qəzəlləri saxlanılır.
Kitabın “Nəsimi Azərbaycan dilində” adlı ikinci bölümü hissədən ibarətdir:
1.“Nəsimi ədəbi irsinin nəşri” başlığı altında Nəsiminin əsərləri çap olunmuş müxtəlif qəzet və məcmuələr, toplular və şairin çap kitabları haqqında məlumat verilmişdir.
2.“I.Nəsiminin həyat və yaradıcılığı haqqında” başlığı altında Nəsimi haqqında yazılmış monoqrafiyaların, tədqiqat əsərlərinin və məqalələrin adı, əsər müəlliflərinin ad, çap mənbələri qeyd edilmişdir.
3.”Nəsimi əsərləri xarici dillərdə” başlığı altında Nəsiminin türk, türkmən, rus, alman, fransız, ingilis, italyan, ərəb və fars dillərində əsərlərinin nəşri, çap olunmuş monoqrafiyalar, məqalələr haqqında məlumat verilmişdir. Müəllif bütün xarici mənbələri göstərmiş, əsərlərin və müəlliflərin adlarını qeyd etmişdir.
Kitab illərin gərgin əməyinin bəhrəsidir. Aydın Xəlilov böyük səylə bu mənbələri toplamış, ədəbi aləmə belə dəyərli bir kitab vermişdir. Kitab Nəsimi irsini araşdırmaq istəyən tədqiqatçılar, doktorantlar və tələbələr üçün lazımlı vəsaitdir.
Ruhu şad olsun!
Sona XƏYAL