Dünyada şirin su çatışmazlığının tədricən dərinləşməsi bütün bəşəriyyəti düşündürməkdədir. Hazırda dünya əhalisinin 40 faizdən çoxu içməli su problemi ilə üzləşir.
Araşdırmalar göstərir ki, bu problemin yaranmasında son zamanlar daha aydın müşahidə edilən iqlim dəyişmələri, insan fəaliyyəti ilə şirin su ekosistemlərinin çirklənməsi, əhali artımına müvafiq olaraq urbanizasiyanın və əkin sahələrinin sürətlə genişlənməsi və s. əsas rol oynayıb.
Azərbaycan da şirin su çatışmazlığı ilə üzləşən ölkələr sırasına daxildir. Qeyd etdiyimiz kimi, ölkəmizdə də içməli su problem yaşanır. Bu vəziyyət daha çox bölgələrdə, kəndlərdə qeydə alınır.
Bərdənin Bəcirəvan kəndində illərdir içməli su problemi yaşanır. Kənddəki quyular quruduğundan, sakinlər içməli suyu qonşu kəndlərdən gətirirlər.
Kənddə illər öncə qazılmış və 440-dan çox ailəni içməli su ilə təmin edən artezian quyuları quruyub. Kənd sakinləri qeyd edir ki, içməli su tələbatını təmin etmək üçün qonşu kəndlərdən su daşıyırlar, ya da maşınla su alırlar. Suyun tonuna görə isə qiymətlər dəyişir. Bu da maddi baxımdan onlara baha başa gəlir. Sakinlərin dediyinə görə, problemlə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, heç bir reaksiya verilməyib.
“Məlum problemlə bağlı quruma vəsait ayrıldıqdan sonra Bəcirəvan kəndində də subartezian quyusu qazılacaq”
Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətindən bildirildi ki, qurum həmin kəndin su problemindən xəbərdardır: “Bununla bağlı aidiyyəti dövlət orqanlarına məlumat verilib. Rayonun 49 kəndində içməli su quyusunun qazılması ilə bağlı layihə hazırlanıb. Vəsait ayrıldıqdan sonra Bəcirəvan kəndində də subartezian quyusu qazılacaq”.
Son olaraq qeyd edək ki, ölkə əhalisinin suya olan tələbatının ödənilməsi hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olub.
Günel CƏLİLOVA