Son zamanlar Təcili Tibbi Yardım avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri tez-tez qeydə alınır. Qəzaların əksəriyyətinin məhz təcili yardım avtomobilini idarə edən sürücülərin ehtiyatsızlığı nəticəsində baş verdiyi bildirilir.
Bu günlərdə paytaxtın Rəşid Behbudov küçəsində Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb.
Qeyd edək ki, son vaxtlar Təcili Tibbi Yardım maşınlarının iştirakı ilə qeydə alınan yol qəza hadisələrinin sayı artıb.
“Qeyd olunan nəqliyyat vasitəsini idarə edən sürücülər kobud şəkildə qayda pozuntusuna yol verir, nəticədə isə…”
Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, təcili yardım maşınları işıqfor oldu-olmadı, yol boşdu, doludu baxmırlar, yola çıxırlar. Təcili yardım maşını qayda pozur, qəza törədir. Başqa bir təcili yardım maşını gəlib həm qəzaya düşən təcili yardımı, həm də digər yaralıları aparır: “Bu kimi hadisələrə son qoymaq üçün Təcili Tibbi Yardım maşını idarə edən sürücülər üçün mütəmadi olaraq təlimlər təşkil edilməlidir. Sürücülərin peşəkarlığı yol-nəqliyyat hadisələrinin azalmasına gətirib çıxara bilər. Araşdırmalar zamanı məlum olur ki, qeyd olunan nəqliyyat vasitəsini idarə edən sürücülər kobud şəkildə qayda pozuntusuna yol verir, “operativ nəqliyyat vasitəsidir” deyib, bəzən lazım olmadığı halda da qaydaları kobud şəkildə pozurlar. Onu da qeyd edim ki, bəzi hallarda Təcili Tibbi Yardım avtomobilləri çağırışdan geri qayıdan zaman sayrışan işıqlar və səs siqnalını qoşmaq, qaydaları pozmaq zərurəti olmur. Bu baxımdan düşünürəm ki, bu məsələlərə ciddi yanaşılmalıdır. Çünki Prezident İlham Əliyev tərəfindən imzalanmış 2019-2023-cü illəri əhatə edən Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramında Səhiyyə Nazirliyinin də üzərinə müəyyən vəzifələr qoyulub”.
Günel CƏLİLOVA