Siyov Lerik rayonunun ucqar dağ kəndidir. Buranın camaatı işgüzar, dövlətinə bağlı olsalar da, insan amilinə xidmət edən çox sosial qayğılara möhtacdırlar. Siyovluları ən çox əziyyətə salan kənddə ictimai nəqliyyatın və “mavi” qazın yoxluğudur. Bu şaxtalı qış günlərində isə insanların evlərini isitməkdən ötrü ən çox ehtiyac duyduğu yanacaqdır. Acınacaqlı vəziyyət odur ki, qarlı qışın bu sərt cağında kənddə çoxunun yanacaq odunu yoxdur. Artıq bağ-bağçalarda olan meyvə ağacları da tükənib. Bütün bunlara görə qışdan salamat çıxmağa Siyovda çoxunun inanmağı gəlmir. İndi saatlarla evlərdə istilik olmur, ən əsası qocalar, körpələr cəhənnəm əzabını çəkirlər. Sərt şaxtalı günlər isə hələ vardır...
Lerikin əksər dağ kəndlərində olduğu kimi, Siyova da yerli məmurların ögey münasibəti üzün illərdir davam edir. Kəndin ziyalısı Nurəddin Əmirov deyir: - Bəri başdan bildirim ki, Siyovun həlli gözləyən sosial problemlər bir deyil, iki deyil. Daha dəqiq desək, sovet dağılanı ağır günlərimiz başlanıb. Bunlar öz yerində. Qışın sərt üzü camaatı ciddi çətinlik qarşısında qoyubdur. Artıq yandırmağa odun tapılmır. Əvvəllər yaxın meşələrdən gətirdiyimiz oduna qadağa qoyulub. İndi xalqa məxsus meşələr də dönüb bir-iki işbazın biznes yerinə. Son illər onların yanacaq odun adı ilə meşələrdən taladığı heç nəyə sığmaz. Hələlik dövlətin də onlara gücü çatmır. 9 ildir Siyov kəndinə qaz çəkmək haqqında vəd veriblər. Bizə yaxın Zəriküməco kəndində qazdan istifadə olunur. Həmin vaxt Siyova da “mavi” yanacaq verilməli idi. Kimin tapşırığına əsasən işlər yarımçıq qaldı. Elə bunun nəticəsidir hazırda kənd camaatı yanacaq sırasından zillət çəkir...
İndi siyovluların böyük məhəbbət, inam bəslədiyi dövlət başçısından ən böyük istəyi kəndə qazın verilməsidir.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü