Neçə ildir Azərbaycanda pensiyaçıların sayı azalmaqda davam edir. Ötən il də yaşa görə pensiyaçıların sayı azalıb. Belə ki, hazırda ölkədə yaşa görə 716 min nəfər pensiya alır. Təkcə 2021-ci ildə pensiyaçıların sayı 26 min nəfər azalıb. Ümumiyyətlə, 2010-cu ildən bəri ölkədə yaşa görə pensiya alanların sayında ardıcıl azalma müşahidə edilir. 10 il öncə əmək pensiyaçılarının sayı 859 min nəfər idi, indi isə bu rəqəm 716 min nəfərdir.
Beynəlxalq Əmək Təşkilatının açıqladığı Qlobal Sosial Müdafiəyə dair hesabatında da Azərbaycandakı pensiya məsələsi ayrıca vurğulanıb. Orada qeyd edilib ki, son illərdə pensiya yaşına çatmış yaşlı əhalinin pensiya ilə əhatə səviyyəsi kəskin şəkildə aşağı düşüb və bu ciddi problem sayılmalıdır. BƏT bunu sığorta əsaslı pensiya sisteminə dair tələblərin ciddi şəkildə sərtləşdirilməsi ilə əlsaqələndirir. Hesab edirlər ki, həmin sərtləşdirmələr rəsmi məşğulluğun əhatə dairəsini elə də genişləndirməyib. Nəticədə uyğun yaşa çatan yaşlı insanlar pensiya hüququndan məhrum qalır və əvəzində qocalıq müavinəti alırlar.
Ancaq bir məqamı nəzərə almaq lazımdır ki, pensiya yaşı 2017-ci ildə artırılıb. Ancaq ölkədə pensiyaçıların sayı 2010-cu ildən başlayaraq hər il azalır. Üstəlik, Azərbaycanda demoqrafik göstəricilər də pisləşməyib. Yəni əhalinin sayı azalmır, artır. Maraqlıdır, əhalinin sayı artırsa, o zaman hər il pensiyaçıların sayı niyə azalır?
“İnsanların səhiyyə xidmətlərindən istifadə etmək imkanları xeyli azalıb”
Sözügedən məsələyə aydınlıq gətirən sosioloq Əhməd Qəşəmoğlu pensiyaya çıxanların sayının azalmasını bir sıra amillərlə əlaqələndirdi: “Bunun müxtəlif səbəbləri var. Səbəblərdən biri orta yaş həddinin qısalmasıdır. Müxtəlif xəstəliklər və digər səbəblər üzündən 50-70 yaş arası ölüm halları artıb. Digər tərəfdən, insanların səhiyyə xidmətlərindən istifadə etmək imkanları xeyli azalıb. Çünki xidmətlər bahadır. Başqa bir tərəfdən, pandemiya səhiyyə xidmətlərindən istifadəyə mənfi təsir edib. Şəxsən mən özüm bu xidmətlərdən istifadə edə bilmirəm. Çünki koronavirusa yoluxmaqdan qorxuram. Hətta dişlərimi belə həkimə göstərməkdən çəkinirəm. Başqa bir tərəfdən, pandemiya dövründə qapanmalar oldu. İnsanların evdə oturması belə bir çox xəstəliklərə səbəb oldu. 2017-ci ildən pensiya yaşının artırılması da buna öz təsirini göstərdi. Çünki əvvəl 60 yaşında pensiyaya çıxırdılarsa, bunu 65 yaşa qaldırdılar. Bütün bunların nəticəsində hər il pensiyaya çıxanların sayının azalması gözlənilən idi. Bir sözlə, səhiyyə xidmətindən arzuolunan səviyyədə istifadə etməmək, əhalinin normal səviyyədə qidalana bilməməsi, insanlar arasında stresin artması bəzi xəstəliklərə səbəb olur. Cəmiyyət get-gedə mürəkkəbləşir. Mürəkkəbləşdikcə də həssaslaşır. Həssaslaşma da insanların psixikasına mənfi təsir edir. Nəticədə ölüm halları artır”.
Bu baxımdan sosioloq hesab edir ki, səbəblər müxtəlif amillərdən qaynaqlanır.
Vidadi ORDAHALLI