Məlum olduğu kimi, bu günlərdə yerli mətbuatda Gəncə Texnologiya Universitetinin (Azərbaycan Texnologiya Universiteti) (VÖEN - 2300343181) dövlət büdcəsinə yarım milyon manatdan çox vergi borcu yarandığına və bu təhsil ocağının 565 min 865 manat 94 qəpik vergi borcu olduğuna dair məlumat yayılmışdı.
Məsələ ilə bağlı Azərbaycan Texnologiya Universitetinə sorğu göndərmişdik. Fevralın 16-da Azərbaycan Texnologiya Universitetindən sorğumuza cavab verilib. Təhsil ocağının redaksiyamıza ünvanladığı cavabda deyilir: “Məlumat üçün bildiririk ki, Azərbaycan Texnologiya Universitetində 2015-ci ildən başlayaraq aparılmış kadr islahatları nəticəsində 2016-cı ildə Təhsil Nazirliyinin sifarişi əsasında həyata keçirilən ictimai sorğuya əsasən şəffaflığa görə universitetimiz təhsil müəssisələri arasında birinci yerə layiq görülmüşdür.
“Facebook” səhifəmizə ünvanladığınız 14.02.2022-ci il tarixli müraciətinizə cavab olaraq bildiririk ki, hazırda universitetin Dövlət Vergi Xidməti qarşısında ödənilməmiş vergi öhdəliyi yoxdur (nəzərə alın ki, vergi borcu olduğu təqdirdə vergi ödəyicisinin bank hesablarına sərəncam qoyulur ki, bu da bank əməliyyatları aparmağa imkan vermir). Digər bir məsələni də nəzərinizə çatdırmaq istərdik ki, son bir ildə işdə yol verdikləri ciddi nöqsanlara görə universitetdən uzaqlaşdırılmış bir qrup keçmiş əməkdaşın yalan və qərəzli məlumatları əsasında Azərbaycan Texnologiya Universiteti haqqında saytlarda mənfi rəy formalaşdırılmasına cəhd olunur. Lakin saytların da gerçəyi əks etdirməyən məlumatları yayımlaması təəssüf doğurur. Qeyd edək ki, universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün davamlı olaraq peşəkar kadrların təhsil və idarəetmə prosesinə cəlb edilməsi istiqamətində işlər görülür. Belə ki, 2022-ci ildə də kadr islahatları davam etdirilmiş, peşəkar mütəxəssislər, layiqli kadrlar rəhbər vəzifələrə təyin edilmişdir. Azərbaycan Texnologiya Universiteti olaraq əsas prioritetimiz cənab Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı sayəsində yüksək keyfiyyətli təhsil verilməsi, peşəkar kadrların yetişdirilməsi və ölkəmizdə və regionda layiqli ali təhsil ocağına çevrilməkdir”.
İradə SARIYEVA