Sosial şəbəkədə yayılan məlumata görə, şəhid mayor Ruslan Cəfərovun xanımı Nəzakət Əliyeva ona verilən evin geri alınmasından şikayətçidir.
Şəhid xanımı qeyd edir ki, ev şəhidin birinci evliliyindən olan oğluna verilib. Qeydiyyata alınmasına baxmayaraq, şəhidin evsiz qalan ikinci həyat yoldaşı isə baxımsız vəziyyətdə olan zirzəmidə yaşayır: "Mayor Ruslan Cəfərov şəhid olduqdan sonra mənə və Ruslan Cəfərovun birinci həyat yoldaşından olan 18 yaşlı oğluna ev verilməsi nəzərdə tutulub. Amma sonradan ev şəhidin oğluna təqdim olunub”. Həyat yoldaşı şəhid olduqdan sonra Nəzakət Əliyeva qayınatası tərəfindən onlara hədiyyə olunan evdən də çıxarılıb. Buna səbəb qayınanasının həmin evi satışa çıxarması olub.
Məlumat üçün bildirək ki, şəhid mayor Ruslan Cəfərov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
“Həyat yoldaşı şəhid olduqdan sonra qayınatası tərəfindən onlara hədiyyə olunan evdən də çıxarılıb, buna səbəb..."
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyindən bildirildi ki, şəhid Ruslan Cəfərovun ailə üzvləri - övladı Raul Cəfərli və ikinci həyat yoldaşı Nəzakət Əliyeva yaşayış sahəsinə ehtiyacı olan qisimdə uçota alınıblar: "Şəhidimizin övladı Raul Cəfərli mənzillə təmin edilib. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan Mənzil Məcəlləsinə əsasən, şəhid ailə üzvünə təqdim edilmiş mənzil onların bütün ailə üzvlərinin yaşaması üçün nəzərdə tutulub. İki ailə bir yerdə yaşasın".
Günel CƏLİLOVA