Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanının 1-ci hissəsində “210 (iki yüz on)” sözləri “250 (iki yüz əlli)” sözləri ilə əvəz edilib.
“Tələbənin bu göstəricini saxlaması üçün mütləq şəkildə təhsil aldığı müddətdə akademik göstəriciləri müsbət olmalıdır”
Tələbələrin Prezident təqaüdünün artırılmasının əhəmiyyəti haqqında danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, Prezident təqaüdünün verilməsinə 2001-ci ildən başlanılıb: “Bu, ali təhsil müəssisələrində keçirilən qəbul imtahanlarında hər qrup üzrə 25 tələbəyə verilir. Kifayət qədər yaxşı bir məbləğdir. Axırıncı dəfə Prezident təqaüdü tələbələr üçün 2019-cu ildə artırılıb və 210 manat müəyyənləşdirildi. İndi məbləğ 250 manata çatdırıldı. Bu, tələbələr arasında kifayət qədər rəqabət yaradacaq. Amma bir vacib məqamı xüsusi qeyd edim ki, tələbələr Prezident təqaüdünə layiq görülsələr də, onu 4 il ərzində saxlamırlar. Prezident təqaüdünü 4-cü kursun sonuna kimi alması üçün tələbənin bütün qiymətləri əla olmalıdır. Tələbənin bu göstəricini saxlaması üçün mütləq şəkildə təhsil aldığı müddətdə akademik göstəriciləri müsbət olmalıdır. Amma bəzi hallarda ali təhsil müəssisələri Prezident təqaüdü alanlara aşağı qiymət yazırlar və tələbələr bunu sona kimi apara bilmir. Prezident təqaüdü almaq tələbələrə geniş imkanlar açır. Onunla yanaşı digər əlaçı təqaüdləri də ala bilər. Məsələn, bir tələbə istəsə, 600 manata kimi təqaüd ala bilər. 250 Prezident təqaüdü, 150 manat əlaçı təqaüdü, digər adlı təqaüdlər və s.”.
Günel CƏLİLOVA