Son vaxtlar ictimaiyyətdə tez-tez qulağına xaç şəklində sırğa, sinəsinə boyunbağı taxan yeniyetmə və gənclərlə rastlaşırıq. Xristanlığın simvoli sayılan xaç şəklində aksessuarldan istifadə yeni nəsil arasında sanki bir trendə çevrilib. Bəzən tanınmışların da bu cür aksessuarlardan istifadə etdiyinin şahidi oluruq.
Onların bəziləri buna sadəcə aksessuar kimi yanaşdığını, görünüş xətrinə istifadə etdiyini bildirir və yaxud müasirliyi əsas gətirir. Maraqlı məqam ondan ibarədir ki, xristianlığın simvolu sayılan xaç bəzək əşyasına daha çox oğlanlar maraq göstərir. Xaç işarəli boyunbağı taxanlar arasında cavan oğlanlar üstünlük təşkil edir. Onlar qeyd edir ki, bu aksesuardan bəzək əşyası kimi istifadə edir. Maraqlıdır, gənclərdə xristianlığın simvolu sayılan aksessuara maraq niyə artıb?
“Bir çox hallarda gənclər, yeniyetmələr fərqinə varmadan hansısa filmin təsirindən bunu aksessuar kimi qəbul edir, ancaq unutmaq lazım deyil ki, xaç işarəsi sırf xristian simvoludur”
Psixoloq Könül İsmayılova qeyd etdi ki, gənclər maraqlı görünmək üçün sadə, primitiv yola əl atırlar: “Gənclərin elmlənməsi istiqamətində işlər aparmaq lazımdır. Bu zaman onlar daha yaxşı davranışlar nümayiş etdirəcəklər. Bu cür bayağılıq təkcə aksessuarlarda deyil, başqa sahələrdə, məsələn, musiqidə də var. Gənclərin əksəriyyətinin dinlədiyi musiqiyə diqqət edəndə bunu görmək olur. Nəzərə almaq lazımdır ki, xaç xristianlığı simvolizə edən bir atributdur. Yəni bu atribut İsa peyğəmbərin çarmıxa çəkildiyini əks etdirir. Bununla da xaçı üzərinə taxan adam özünü xristian kimi təqdim edir. Doğrudur, bir çox hallarda gənclər, yeniyetmələr fərqinə varmadan hansısa filmin təsirindən bunu aksessuar kimi qəbul edir. Ancaq unutmaq lazım deyil ki, xaç işarəsi sırf xristian simvoludur. Bunun üçün də xaç taxan şəxsdən onun hansı məqsədlə istifadə etdiyini soruşmaq lazımdır. Bəlkə də şəxs dinini dəyişib və yaxud məqsədli olmadan aksessuar kimi istifadə edir”.
Günel CƏLİLOVA