Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ətrafında qalmaqallar, narazılıqlar və narahatlıqlar get-gedə artır. Daha dəqiq desək, bütün narazlıqların ünvanı AMEA prezidenti, akademik Ramiz Mehdiyevdir. 2019-cu ilin payızından AMEA prezidenti olan R.Mehdiyevin akademiyada çox dərin “islahatlar” apardığı, bu yeniliklərin isə institutların, elmin ziyanına olduğu vurğulanır.
İnstitut və təşkilat rəhbərləri tərəfindən R.Mehdiyevə yönələn əsas ittihamlardan biri odur ki, R.Mehdiyev institutların illik hesabatına həsr olunan iclaslara, müzakirələrə institut direktorlarını, baş direktorları çağırmır. Yəni müzakirələr hesabatın məxsus olduğunu institutun rəhbərinin iştirakı olmadan keçirilir.
Bu barədə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “...İş o həddə gəlib çatıb ki, bölmələrin illik elmi hesabatlarına institut direktorları dəvət olunmur...”, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı isə “...Ramiz müəllim Mehdiyev akademiya təsis edildikdən bəri heç bir zaman rast gəlinməyən bir addımı atmaqla Azərbaycan ictimai elminə sonuncu zərbəni vurdu. AMEA Rəyasət Heyətinin bu yaxınlarda keçirilən iclasında institutların 2021-ci il üçün elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatlarının müzakirəsinə institutların direktorları dəvət edilmədi. Bu addımın pandemiya şəraiti ilə heç bir bağlılığı yox idi. Çünki buna qədər çoxlu şəxsin iştirakı ilə onlarla iclaslar keçirilmişdi. Soruşulur: əgər institut nümayəndələri hesabatlarının müzakirəsinə dəvət olunmurlarsa, onda AMEA institutları nə üçün fəaliyyət göstərir? İllik hesabatları institut rəhbərlərinin iştirakı olmadan necə müzakirə etmək, problemlərini necə bilmək və aradan qaldırmaq üçün tədbirlər almaq olar?”- sözlərilə bildiriblər. Onlardan əvvəl AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun rəhbəri, professor Kərim Şükürov da, sonrakı mərhələlərdə başqa elm xadimləri də eyni fikri vurğulayıblar.
R.Mehdiyev AMEA prezidenti olduqdan sonra AMEA-nın elmi-tədqiqat institutlarının direktorları, baş direktorları nə üçün öz institutlarına aid olan hesabat iclaslarına, yığıncaqlarına dəvət edilmir? Səbəb nədir?
“Rəyasət Heyətində keçən cümə günü keçirilən iclasda aidiyyəti institutların rəhbərləri iştirak edirdi”
AMEA-nın Rəyasət Heyətinin mətbuat xidmətinin rəhbəri Azadə Balayeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, deyilənlər tamamilə yalandır və həqiqəti əks etdirmir. “Bu, həqiqətə uyğun deyil. Belə bir şey yoxdur. Keçən həftənin 5-ci günü AMEA-da iclas oldu və iclasda fizika-riyaziyyat və texnika elmi bölməsinin hesabatı dinlənildi. O hesabat iclasında bu bölməyə daxil olan bütün institutların rəhbərləri iştirak edirdi”.
“Siz bu barədə deyilənləri həqiqətə uyğun saymırsınız, amma bunu sıradan bir elmi işçi yox, mötəbər elm xadimləri deyir ki, institut rəhbərləri illik hesabatların müzakirəsinə dəvət edilmir. Əgər sizin dediyiniz kimi dəvət edilirlərsə, bəs onda niyə belə açıqlama verirlər” sualımıza A.Balayevanın cavabı belə oldu: “Rəyasət Heyətində keçən cümə günü keçirilən iclasda aidiyyəti institutların rəhbərləri iştirak edirdilər. Keçən iclas fizika-riyaziyyat və texniki elmlər bölməsinə aidir. Əvvəlki dövr haqda heç nə deyə bilmərəm, mən burada bir həftədir işləyirəm”.
Ekpertlər hesab edir ki, tənqidlər artıq öz nəticəsini verir və AMEA rəhbərliyi keçən həftədən etibarən bölmə iclaslarına aidiyyəti institutların rəhbərlərini də dəvət etməyə başlayıb.
İradə SARIYEVA