Suraxanı rayon sakinləri yaxınlıqda fəaliyyət göstərən zavoddan narazıdırlar. Onların sözlərinə görə, Suraxanı rayonu, Bahar qəsəbəsində yerləşən Kərpic zavodu havanı çirkləndirir.
Bildirilir ki, zavodun fəaliyyəti nəticəsində yaranan zəhərli tullantılar birbaşa havaya buraxılır. Bu da, öz növbəsində, yaxınlıqda yaşayan insanların narahatlığına səbəb olur.
Şikayətçi – Ceyhun: “Zavod işləməyə başlayanda ətrafa qara tüstü yayılır, bununla bağlı…”
Bahar qəsəbəsinin sakini Ceyhun adlı şəxs “Bakı-Xəbər”ə açıqlamasında bildirir ki, zavod axşamlar işləyir. Zavod işlək olanda ətrafa zəhərli tullantılar yayılır. Həmin tullantılar havanın çirklənməsinə, insanların zəhərlü tüstü ilə nəfəs almasına səbəb olur: “Zavod işləməyə başlayanda ətrafa qara tüstü yayılır. Bununla bağlı aidiyyəti qurumlara müraiət etsək də, bizə hər hansı bir cavab verilməyib”.
Qəsəbə sakini onu da qeyd edir ki, isti havalarda, yay vaxtı buna dözə bilmirlər: “Nə qədər qapımızı-pəncərəmizi bağlayıb evdə oturmalıyıq? Anlayıram e, zavoddur, işini görməlidir. Ancaq bir qrafik olsun, rejimə salsınlar. Heç olmasa zavod gecələri işləməsin”.
Beləliklə, qəsəbə sakinləri sağlamlıqlarının təhlükə altında olmasından narahatdırlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi - Hikmət Əlizadə: “Belə müəssisələr insanların yaşadığı ərazidən kənarda olmalıdır”
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirdi ki, zavodun yaxınlığında yaşayan sakinlərin şikayəti əsasında araşdırma aparılıb: “Müvafiq ölçmə cihazlarının göstəricilərinə görə, ərazidə atmosferə çıxan tüstü ətraf mühit üçün yolverilən hədd daxilində olub və pozuntu aşkar edilməyib. Ehtiyac olarsa, ərazidə ölçmə cihazları vasitəsilə yenidən araşdırma aparıla bilər. Ölçmə işləri aparan zaman küləyin səmtindən, müəyyən parametrlərdən asılı olaraq dəyişkənlik ola bilər. Bu məsələ təkrarlanarsa, yenidən araşdırma aparılacaq. İlkin araşdırmaya görə, ərazidən atmosferə çıxan tüstü, qoxu normativlər çərçivəsindədir. Atmosfer havasının mühafizəsi haqqında qanuna görə, açılan hər bir müəssisəyə nazirlik tərəfindən atmosferə atılan zərərli maddələrin miqdarını təyin edən xüsusi icazə sənədi verilir. Təbii ki, hər bir müəssisə fəaliyyət göstərən zaman atmosferə də müəyyən miqdarda təsir göstərir. Bunun üçün müəssisələr qanunvericiliyin tələblərinə əməl etməli, filtrlər quraşdırmalı və atmosfer havasına atılan zərərli maddələrin dəqiq hesabatını aparılmalıdır. Belə müəssisələr insanların yaşadığı ərazidən kənarda olmalıdır. Vətəndaşların bizə müraciəti də vacibdir və biz daim hər bir şikayəti araşdırırıq. Təbii ki, fakt təsdiqini taparsa, müəssisə cərimələnir, bu hal davamlı olarsa, mövcud qanunvericilik çərçivəsində müvafiq orqanlara müraciət olunaraq onun fəaliyyətinin dayandırılması məsələsi qaldırıla bilər”.
Günel CƏLİLOVA