Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 11.02.2022-ci il tarixindən etibarən “Dövlətimizin inkişafı və tərəqqisi naminə təhsildən yayınmayaq!” adlı layihəyə start verildi. Layihə “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi tərəfindən həyata keçiriləcəkdir. Üç ay davam edəcək layihə çərçivəsində Gəncə şəhərində 8 tam orta məktəb müəssisələrində qızların təhsilinin monitorinqi aparılacaqdır. Layihənin məqsədi hər bir qızın təhsil almaq arzusunu yerinə yetirmək və onların dayanıqlı gələcəyə töhfə verməsini təmin etməkdir. Layihə çərçivəsində şagirdlərin, ələlxüsus da məktəbli qızlarımızın dərsdən yayınmalarının səbəblərini hərtərəfli araşdırmaq, qarşısını almaq, bu mövzunu geniş ictimai müzakirəyə çıxarmaq, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəblərin məsuliyyətinin artırılması istiqamətində ciddi göstərişlər verməkdir. Ümumtəhsil məktəblərində monitorinq apararaq şagirdlərin dərsə davamlılığı, bilik səviyyələri, psixoloji vəziyyətlərini araşdırmaq layihənin başlıca məqsədlərindəndir.