Masallı Rayon Polis və Təhsil şöbələrinin birgə təşkilatçılığı ilə Bambaşı kənd şəhid Cavanşir Qasımov adına tam orta məktəbində təşkil olunan maarifləndirmə tədbiri “Narkomaniya, erkən nikah, dini radikalizm və onların fəsadları” mövzusunda idi. Tədbir öncəsi Vətən torpaqlarının azad edilməsində öz canından keçən Azərbaycanın qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Tədbiri giriş sözü ilə məktəbin direktoru Azadəli Vəliyev açdı. O, dedi:-Məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətlə yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara göstərdiyi etimadı layiqincə doğrultmalıdırlar.
Masallı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Elşən Talıbov, Rayon Polis Şöbəsinin azyaşlılar üzrə baş inspektoru Samir Əliyev və rayon təhsil şöbəsinin baş məsləhətçisi Hörmət Balakişiyev çıxış etdilər. Onlar əsasən respublikanın hər yerində olduğu kimi Masalıda da narkomaniya, erkən nikah və dini radikalizmə qarşı mübarizənin hər zaman diqqət mərkəzində olduğunu, bu yönümdə məqsədyönlü tədbirlərin görüldüyünü söylədilər.
Çıxışlarda dini radikalizm, ekstremizmin cəmiyyətimizə, narkomaniyanın insanların sağlamlığına mənfi təsirindən, psixotrop maddələrin yaratdığı fəsadlardan danışıldı, erkən nikahların dövrümüzün böyük problemlərdən olduğu, ölkəmizdə zərərli vərdişlərə qarşı mübarizə üçün möhkəm qanunvericilik bazasının mövcudluğu diqqətə çatdırıldı.
Tədbirdə mövzu ilə bağlı videoçarx izlənilib, məktəbliləri maraqlandıran suallara cavab verilib.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü