Xətai rayonu Gəncə prospektində yaşayan bir qrup sakin binalarının qarşısında yeni binanın tikiləcəyindən narahatdır. Onların iddiasına görə, ərazidə söküntü işlərini gecə ilə bina tikintisinə başlamaq üçün aparırlar. Sakinlər deyir ki, yaşadıqları binanın qarşısındakı kiçik ərazini abadlaşdıraraq orda bağ salıblar. Lakin son günlər hansısa şirkət tərəfindən ərazidə söküntü işləri aparılır. Şikayətçilər qeyd edir ki, həmin ərazidə bina tikiləcək.
Sakinlərin sözlərinə görə, söküntü işlərinin aparıldığı ərazidən keçən yol daimi istifadə etdikləri yol və pilləkənlərdir ki, bunların da sökülməsi hərəkətdə çətinlik yaradacaq: “Burada bina tikilsə sakinlər iflic duruma düşəcək, binalara giriş-çıxış məhdudlaşacaq. Həyətimizdə yeni binanın tikilməsi tikinti normalarına da uyğun deyil. Həm məsafə baxımından çox sıxlıq olacaq, həm də Günəş şüasının qarşısı alınacaq”.
Xətai Rayon İcra Hakimiyyəti: “Qeyd olunan ünvanda hazırda tikintidən söhbət gedə bilməz”
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, qeyd olunan ünvanda hazırda tikinti işi aparılmır. Ümumiyyətlə, orda tikintidən söhbət gedə bilməz. Gəncə prospektində abadlıq-quruculuq işlərinin aparılması nəzərdə tutulur.
Kamran Məmmədli: “Tikinti normaları ilə bağlı xüsusi qayda var”
Iqtisadçı Kamran Məmmədlinin sözlərinə görə, tikinti normaları ilə bağlı xüsusi qayda var: “Boş sahə tikilinin sahəsindən 3 dəfə artıq olmalıdır. Əgər binanın hündürlüyü 50 metrdirsə, pəncərələr arasındakı məsafə onun 3/1 dən az olmamalıdır. Yəni 16-17 metr məsafədə olmalıdır. Bununla yanaşı, binanın həyəti əhalinin sayına görə hesablanmalıdır. Bir hektar əraziyə düşən əhali sayı 450 nəfəri keçməməlidir”.
Günel CƏLİLOVA