Sosial şəbəkələrdə müxtəlif turizm agentlikləri tərəfindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin satışı barədə məlumatlar yayılır.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AzAL) sərnişinlərə müraciətində bildirilir.
Müraciətdə xatırladılır ki, fırıldaqçılığın qarşısının alınması məqsədilə bu marşrut üzrə bütün biletlər üç yolla əldə edilə bilər:⠀
- Aviaşirkətin www.azal.az rəsmi saytı vasitəsilə;
- Aviaşirkətin Bakı şəhərində (Nizami küçəsi, 126A), eyni zamanda Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində yerləşən mərkəzi satış ofisinə yaxınlaşmaqla;
- Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən satış ofislərinə yaxınlaşmaqla.
Əks təqdirdə alıcılar fırıldaqçılığın qurbanı ola bilərlər.
Həmin istiqamət üzrə aviabiletin dəyəri Azərbaycanın Tarif Şurası tərəfindən müəyyən edilib və vətəndaşlar üçün bir istiqamətdə 50 manat, xarici vətəndaşlar üçün bir istiqamətdə 70 manat təşkil edir. 12 yaşınadək uşaqlar, tələbələr və I və II qrup əlillər üçün güzəşt tətbiq olunmaqla qiymət 40 manat təşkil edir, iki yaşadək uşaqlar üçün aviabilet ödənişsizdir.
“Azərbaycan Hava Yolları” turizm şirkətləri və ya fərdi şəxslər tərəfindən yol verilən bu cür hərəkətlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir.
Çox maraqlıdır, onsuz da monopolist siyasəti ilə seçilən AzAL niyə Naxçıvana bilet satışını da tam nəzarətdə saxlamaq istəyir? Turizm şirkətlərinin bilet satışında nə fırıldaq ola bilər ki?
İqtisadçı Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, burada söhbət tam başqa mətləblərdən gedir: “Mənim özüm neçə gündür ki, Naxçıvana bilet tapa bilmirəm. Naxçıvana və oradan əks istiqamətdə sərnişin sıxlığı bir neçə dəfə yaşanır. Bu da bayramlar ərəfəsində, dərslərin bitdiyi və ya başlandığı zamana daha çox təsadüf edir. Hazırda həmin hadisələrdən heç biri yaşanmır. Bəs onda nə baş verib? İndiyə qədər turizm şirkətləri ilə bağlı niyə belə problem yaşanmırdı? Mən AzAL-ın monopolist mövqeyinə qarşıyam və bunu ziyanlı sayıram. Daima həmin qurumun fəaliyyətini tənqid etmişəm. Turizm şirkətlərinə bilet satışına icazə verilməlidir. Bu əvvəl də mümkün olub. Naxçıvana elə də böyük turizm axını olmadığı üçün bu problem yaşanmırdı. Hazırda belə vəziyyətin yaranmasının köklü səbəbləri var. İrana ziyatət tirları təşkil edən şirkətlər biletlərin çoxunu əvvəlcədən bron edir. Çünki İrana quru yolla keçmək yalnız Naxçıvandan mümkündür. Ölkənin digər gömrük məntəqələri bağlıdır. Bu səbəbdən də şirkətlər deyilən marşrut üzrə hərəkətə üstünlük verir. Yaxşı olar ki, AzAL qadağa yox, turizm şirkətlərinə müəyyən limit tətbiq etsin. Hər halda, ziyanlı sövdələşmə olursa, bunun bir səbəbkarı da AzAL-dır. Digər tərəfdən, ziyarət üçün turizm şirkətlərinə digər gömrük qapılarından da istifadəyə icazə verilməlidir. Onda Naxçıvan istiqamətində belə sərnişin sıxlığı yaşanmaz”.
Məhəmmədəli QƏRİBLİ