Cənub bölgəsinin mirvarisi sayılan Lənkəranda kim ki torpaqla təmasda olur, o həmişə çəkdiyi zəhmətdən razı qalır. Çünki buranın torpaqları çox bərəkətlidir, nə əkirsən onu on qat sənə qaytarır. Demək olar, rayonda bütün kənd təsərrüfatı bitkiləri yetişdirilir. Buranın sitrus meyvələri daha keyfiyyətli olur. Bir neçə ildir rayonun təsərrüfatlarında hallabonq da becərilir.
Məlumat üçün bildirim ki, hallabonq tingləri ilk dəfə Lənkərana Cənubi Koreyadan gətirilib. Nəticə də ürək açanolub. Artıq rayonda 78 hektar sahədə hallabonq meyvə ağacları baş-başa verir. Hallabonq qış ayında yetişir, görünüşü, dadı, ətri və məhsuldarlığına görə digər sitrus meyvələrdən fərqlənir. Həm də digər sitrus meyvələrdən sonra yetişməsi bazarlarda ona yüksək alıcılıq qazandırır.
İndi bu sitrus meyvənin yığım dövrüdür. Yığıma ötən ilin dekabrın axırlarda start verilib. Məhsul boldur. Hazıra qədər bağlardan ümumilikdə 50 tona yaxın keyfiyyətli hallabonq dərilib. Bağlarda kifayət qədər məhsul vardır. Buna əsasən demək olar ki, bu il rayon üzrə 60 tondan çox hallabonq tədarükü gözlənilir.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü