Respublikamızın hər yerində olduğu kimi, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi, Lənkəran Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə R.Məmmədov adına şəhər 5 nömrəli tam orta məktəbdə Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə tədbir keçirildi. "Mübariz ol sona qədər!" adlı tədbirdə Şəhər İcra Hakimiyyətinin, Şəhər Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin məsul şəxsləri, Şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları, Gənclərin Karyera və İnkişaf Mərkəzinin Lənkəran nümayəndəliyinin üzvləri, rayon ağsaqqalları iştirak edirdi.
Tədbirin rəsmi hissəsində geniş çıxışlar oldu. Bildirildi ki, 7 fevral Azərbaycan xalqının qəhrəmanlıq tarixinə adını qızıl hərflərlə yazmış Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. Böyük bir xalqın qəlbində əfsanəvi qəhrəmanlığı ilə əbədi taxt qurmuş Mübariz İbrahimov qərinələr keçəcək, gələcək nəsillər üçün də vətənpərvərlik nümunəsinə dönəcəkdir. Onun şücaətləri dillərdə dastan olmuş, valideynlərinə yazdığı son məktubu hər bir gəncin qəlbində Vətənə məhəbbət, qələbəyə inam, düşmənə nifrət toxumları əkmişdir. 2010-cu ildən Azərbaycanın bütün təhsil müəssisələrində Mübariz İbrahimovun qəhrəmanlıq dərsləri keçilir.
O da vurğulandı ki, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz işğal olunmuş Vətən torpaqlarını düşməndən azad edilməsi üçün İkinci Qarabağ müharibəsinə başladığı andan məhz həmin vətənpərvər övladlar irəli çıxdı. 44 günlük müharibə Mübarizlərin, Fəridlərin, Poladların və minlərlə gəncin canı, qanı bahasına qələbə ilə başa çatdı.
Şagirdlərin ifasında vətənpərvərliyi tərənnüm edən kompozisiya da tədbir iştirakçılarda qürur doğurdu.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü