Bayraqları qaldırın, qəhrəman oğulların şərəfinə. Bayraqları qaldırın, onu əbədi ucalarda saxlayan və özləri də əbədiyyətə çevrilən şəhidlərin ruhu eşqinə. Bayraq sevgisini, bayraq eşqini ürəklərimizdə əkib göyərdənlərin eşqinə bayrağımız əbədi olaraq əngin üfüqlərdə dalğalanmalıdır…
Bayraq sevigisinə sadiq olan Bakı Dövlət Universitetinin (BDU) elmi işçisi, imzasını mətbuatdan yaxşı tanıdığımız İlhamə Dağlının (Hacıyeva) “Bayrağı öpən ruhlar” adlı kitabı işıq üzü görüb. “Günəş MMC”də çap olunan kitabın redaktoru tanınmış şair-yazıçı Kənan Hacıdır. “Bayrağı öpən ruhlar” kitabında yer alan eyniadlı bədii əsər çox maraqlı ifadə ilə başlayır: “Bu gecə yenə də ruhlar bir yerə yığışmışdılar. Şəhid ruhları cənnətin ən uca məqamında yer almışdı. Onlar cənnətin digər sakinlərindən məhz Vətən uğrunda, torpaq uğrunda, din uğrunda canlarından keçdikləri üçün fərqlənirdilər…” Bu əsərin olduqca maraqlı süjet xətti var, tariximizdə mənfi və müsbət rol oynamış insanların ruhları danışır əsərdə. Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın, Məhəmməd Əmin Rəsulzadənin, Cəfər Cabbarlının və başqa dahilərimizinin ruhunu dindirən İ.Dağlı maraqlı bir yanaşma ortaya qoyub. Əsərdə, habelə, Xocalı qətliamı törədən erməni canilərinin, Zori Balayanın və onun kimilərinin gunahkar ruhları ittiham olunur.
“Bayrağı öpən ruhlar” kitabında İlhamə xanımın yaradıcılığından həm poeziya, həm nəsr nümunələri təqdim edilib. İ.Dağlının olduqca maraqlı yazı dili və təkiyyə üsulu var. Bəlkə də maraqlı yazmaq və izah vermək məhz onun müəllimliyindən irəli gəlir. Səbr və təmkinlə yazır. “Alovu sönməyən məhəbbət” romanından parça da salınıb kitaba, burada həmçinin “Buta” povestini də oxumaq olar. “Bobikin şikayəti”, “Virusların söhbəti” alleqorik hekayələri, “Tobıktıda günış doğdu” pyesi, təmsilləri, lirik və vətən şeirləri İlhamə Dağlının bir ədəbiyyat adamı kimi yüksək keyfiyyətlərini, istedadını üzə çıxarır. Bir məqamı da qeyd edim ki, İ.Dağlı istedadlı şair, yazıçı, gözəl müsahib olmaqla yanaşı gözəl və savadlı müəllimdir. O harada varsa oxutmaq, öyrətmək də var. İlhamə xanımın bir yazıçı kimi maraqlı cəhətlərindən biri də odur ki, o, real gördüklərimizi yazır. Təmsillərində, alleqorik löhvələrində gah erməni hiyləsini, məkrini qamçılayır, gah da günümüzün ağır bəlası olan virusları tənqid edir.
“Bayrağı öpən ruhlar” haqqında daha geniş yazmaq və hər bir əsər, şeir, esse üzərində ayrıca dayanıb təhlil etmək olar. Zəngin daxili aləmə, tükənməz yaradıcılıq enerjisinə sahib olan İ.Dağlını yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edirəm, davamı gəlsin, İlhamə xanım!
İradə SARIYEVA