Bölgələrdə yeni təmir olunmuş məktəblər istilik sarıdan əziyyət çəkir. Rayonun Evoğlu, Düyərli, Əskipara, Yuxarı Sarıcalı və Qarağacı kənd məktəbləri müharibə zamanı zərər görssə də, müharibədən sonra əsaslı şəkildə təmir olunub, müasir istilik sistemləri qurulub, lakin bu 5 məktəb binasında hələ də təbii qaz yoxdur.
Tərtər rayonunda yerləşən bir neçə təhsil ocağında müasir istilik sistemləri qurulsa da təbii qazla təminat yoxdur. Hazırda isə məktəblərdə odun və elektrikdən istifadə olunur ki, bu da təhlükəsizlik baxımından düzgün deyil. Ekspertlər bildirir ki, XXI əsrdə yeni təmir olunmuş məktəbin odun sobası ilə qızdırılması təəssüf doğurur. Odun sobasının yandırılması həm sağlmlıq, həm də təhlükəsizlik baxımındn düzgün deyil. Bu səbəbdən də qeyd olunan təhsil ocaqlarının müasir istilik sistemi ilə təmin olunması daha məqsədəuyğundur.
Məlumatlara görə, məktəblərdə qazanxanalar qurulub, istilik xətləri çəkilib, ancaq mavi yanacaq yoxdur.
Maraqlıdır, məktəblərin istilik problemi nə vaxt həll olunacaq?
Vəziyyətlə bağlı məktəb kollektivi və valideynlər aidiyyəti dövlət orqanlarına müraciət etsələr də onlara hər hansı bir cavab verilməyib. Valideynlər soyuq qış günündə uşaqlarını məktəbə göndərməyə ehtiyat edir.
“Bugünə qədər yeni təmir edilən məktəblərə təbii qaz verilməməsinə səbəb texniki şərtin gecikdirilməsidir”
Məsələ ilə bağlı Tərtər rayon Təhsil Şöbəsindən bildirildi ki, yaranmış vəziyyətlə bağlı Təhsil Nazirliyinə müraciət edilib. Yaxın zamanlarda məktəblər mavi yanacaqla təmin ediləcək. Bugünə qədər yeni təmir edilən məktəblərin təbii qaz verilməməsinə səbəb isə texniki şərtin gecikdirilməsidir. Ancaq sözügedən məktəblər soyuq qış aylarında odun və elektrik cihazları ilə təmin edilib.
Günel CƏLİLOVA