Masallı şəhərində Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, yaradıcılığı ilə dünyada sayılıb-seçilən dahi bəstəkar Qara Qarayevin 104 illiyinə həsr olunan konsert sözün əsl mənasında yaddaşlara yazıldı. Çünki “Əbədi musiqi günəşi” adlı bu konsertdə paytaxt Bakının tanınmış sənət ocağı Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi maraqlı, geniş səhnə proqramı ilə çıxış etdilər.
Bəri başdan bildirim ki, konsertdən öncə qonaqlar Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı şəhər Onbirillik İncəsənət Məktəbinə baş çəkdilər. Qonaqlar İncəsənət Məktəbinin iş prosesi, kollektivə yaradılan şəraitdən çox razı qaldılar. N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinə gələn sənətçilər foyedə gənc istedadların Qara Qarayevin yaradıcılığına həsr olunmuş rəsm sərgisinə də baxdılar.
“Əbədi musiqi günəşi” adlı konsert proqramı Mədəniyyət Mərkəzində başlandı. Tədbirin aparıcısı, musiqişünas Nərgiz Kərimova auditoriyanı salamladı və Respublikanın Əməkdar artisti Əziz Qarayusiflinin rəhbərlik etdiyi incəsənət heyətini səhnəyə dəvət etdi. Proqram boyu incəsənət ustaları - Əməkdar artistlər Ə.Qarayusifli və A.Ferştdant, beynəlxalq müsabiqələr laureatları M.Nurullayeva, Ş.Əhmədsoy, A.Babayeva, M.Quliyeva, M.Məmmədova, Ö.Məmmədli dahi bəstəkarın “Tsarskoye selo heykəli” fortepiano pyesini, “Vətən” operasından ariyalar, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərdən rəqslər ifa etdilər. Bununla bərabər, konsertdə bəstəkarın mahnı, romans və digər janrlarda musiqi əsərləri də tamaşaçılara təqdim olundu. Hər çıxışdan sonra salonu tamaşaçıların sürəkli alqışı alırdı.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü