Son günlər müxtəlif internet saytlarında və ya sosial şəbəkələrdə yol hərəkəti qaydalarını pozan şəxslər və onların yol polisi tərəfindən təqib olunması kimi materiallar paylaşılır. Bu materiallar polisin cəmiyyətdəki nüfuzuna xələl gətirməklə yanaşı sanki qayda pozuntuları törətməyə meyilli şəxsləri də həvəsləndirir".
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyevin yaydığı açıqlamasında bildirilib. Qeyd edilir ki, yol polisi ilə heç bir dəqiqləşdirilmə aparmadan kütləvi informasiya vasitələrinin də belə görüntüləri yayması ciddi narahatlıq doğurur: “Çünki bu görüntülərin yayılması elə bil ki, sürücüləri qayda pozmağa təşviq edir”.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə hətta məcburi dayandırma vasitələrindən də istifadə edilə bilər.
“Polis vətəndaşı səbəbsiz yerə saxlamır və ya məsuliyyətə cəlb etmir, hər hansı bir şəkil və ya video yaymaqla polisin nüfuzun xələl gətirə bilməzlər”
Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, polis vətəndaşı səbəbsiz yerə saxlamır və ya məsuliyyətə cəlb etmir: “Hər hansı bir şəkil və ya video yaymaqla polisin nüfuzun xələl gətirə bilməzlər. Ümumiyyətlə, neqativ materiallar paylaşılmamalı, daha çox qaydalara əməl edilməsi barədə təbliğat xarakterli görüntülər yayılmalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, yol polisi işi əslində çox ağırdı. Təəssüflər olsun ki, bütün proseslərdə ilk olaraq qınanan, hədəfə alınan polis olur. Çünki bir çox sahələrdə məhz həmin qurum insanlarla üz-üzə gəlir. Təbiidir ki, polis bütün davranışlarını qanun əsasında qurmalıdır. Bəzən polisin davranışları ilə bağlı məlumatlar şişirdilərək cəmiyyətə çatdırılır. Bu isə düzgün deyil.
Günel CƏLİLOVA