Səbail rayonu, Qurban Abbasov küçəsi 2 ünvanında söküntü işləri aparılır. Sakinlər iddia edirlər ki, söküntü işlərinə bir neçə ay əvvəl başlanıb.
Sakinlər aparılan söküntü işlərinin binanı qəzalı vəziyyətə salmasından narahatdırlar. Üstəlik, səs-küy və kommunal xidmətlərin tez-tez dayandırılması onlara çətinlik yaradır.
Sakinlərin sözlərinə görə, bir vaxtlar onların binasının həyətində sakinlərin istirahəti və uşaqların oynamaları üçün geniş şərait olub. Lakin birinci mərtəbədə bir neçə mənzilin şirkət tərəfindən alınması ilə həyət də sökülüb, binanın yeganə girişi də bağlanıb: “Ərazidə səs-küyün də səsindən rahatlığımız pozulub. Ərazidə ağır texnika çalışdığı üçün səs-küy narahatlığa səbəb olur. Bu da azmış kimi, oradan keçəndə istənilən an kiminsə başına daş, dəmir, nə desən düşə bilər. Biz dərdimizi kimə deyək”.
“Vətəndaşlar mülkiyyət hüququna müdaxilə ilə bağlı məhkəməyə müraciət edə bilərlər”
Məsələ ilə bağlı fikir bildirən sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, vətəndaşların razılığı olmadan ərazidə sökünü işləri aparıla bilməz: “Qanunvericiliyə əsasən, vətəndaşların razılığı olmadan binada heç bir halda söküntü işləri aparıla bilməz. Əks halda, bu, mülkiyyət və mənzil hüquqlarının birbaşa kobud pozuntusu halıdır. Vətəndaşlar mülkiyyət hüququna müdaxilə ilə bağlı məhkəməyə müraciət edə bilərlər.
Onu da qeyd edim ki, Respublikasının “İcbari sığortalar haqqında” Qanununa əsasən, hüquqi şəxslər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər mülkiyyətlərində və istifadələrində olan binaların, tikililərin, qurğuların istismarı ilə bağlı mülki məsuliyyətlərini icbari şəkildə, yəni məcburi şəkildə sığorta etməlidirlər. Bu halda həmin əmlakların istismarı, o cümlədən müvafiq sahədə inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərər üçün qeyd olunan şəxslərin məsuliyyəti sığortalanmış olur. Sığorta hadisəsinin baş verdiyi anda isə zərərçəkmiş şəxslər sığorta ödənişini ala bilirlər. Həmin daşınmaz əmlaklardan hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi hallar, məhz sığorta hadisəsi kimi qiymətləndirlir. Bu zaman bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat məbləğinədək ziyan ödənilə bilər. Məhkəmə qaydasında qeyd olunan hüquqi və fiziki şəxslərdən daha yüksək məbləğdə ziyanın tutulması istisna olunmur”.
Günel CƏLİLOVA