Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmür. Aylar, illər, fəsillər keçdikcə, onların göstərdiyi igidliklər dillərdə gəzir, nəsildən-nəslə ötürülür, heç kəs unudulmur, heç nə yaddan çıxmır. İllər ötsə belə, Vətən yolunda şəhid olanları hər kəs hörmətlə anır. Çünki hər şəhid Vətənin mənəvi ucalığıdır.
Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan oğul və qızlarımızın adını əbədiləşdirmək, xatirəsini əziz tutmaq üçün Azərbaycanın bütün bölgələrində, şəhərlərində küçələrə, məktəblərə onların adı verilib. Həmçinin, şəhid adının əbədləşdirilməsi üçün onların adına abidələr qoyulub, parklar salınıb. Qeyd etdiyimiz kimi, hər şəhid Vətənin qürurudur. Onların xatirəsinə ölkənin hər bir ərazisində abidələr, şəhid bulaqları yaradılıb. İnsanlar həmin bulaqların suyunu içməklə həm şəhidini tanıyır, həm də onun ruhunu yad edir.
Təəssüf ki, şəhid adı daşıyan bəzi binalara qurumlar diqqətsiz yanaşır.
Masallının Böyük Xocavar kəndində Emil Əzizovun adını daşıyan bağca istifadəyə yararsız vəziyyətdədir. Vaxtilə üç kəndin sakinləri də bu bağçadan istifadə edib. Hazırda isə vəziyyət acınacaqlıdır. Sakinlər qeyd edir ki, bağça binasının divarları çatlayıb: “Çarəsizlikdən uşaqları Masallıda olan bağçaya qoyuruq. Bu həm vaxt, həm də məhdudiyyət baxımından sakinlərə sərf etmir. Bizim tək istəyimiz şəhid adını daşıyan binanın təmir olunmasıdır”.
Banbaşı kənd icra nümayəndəliyi: “Yaranmış vəziyyətlə bağlı biz aidiyyatı qurumlara müraciət etmişik”
Banbaşı kənd icra nümayəndəliyindən isə bildirilib ki, binaya baxış keçirilib, təmiri plana salınıb: “Yaranmış vəziyyətlə bağlı biz aidiyyatı qurumlara müraciət etmişik. Binaya baxış keçirilib, gələcəkdə təmir olunması plana salınıb. Hazırda həmin bağçanın bizim və ya hansısa müəssisə tərəfindən təmir olunması qeyri-mümkündür”.
Aytəkin Kamranqızı: “Şəhid adını daşıyan bağçanın baxımsız vəziyyətə düşməsi səbəblərindən biri də həmin əraziyə cavabdeh olan insanların məsuliyyətsizliyidir”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, ölkənin əksər ərazilərində şəhid adını daşıyan təhsil müəssisələri var: “Təəssüf ki, şəhid adını daşıyan bulaq, məktəb və ya bağçaların vəziyyəti xoşagələn deyil. Şəhid adını daşıyan bağçanın baxımsız vəziyyətə düşməsi səbəblərindən biri də həmin əraziyə cavabdeh olan insanların məsuliyyətsizliyidir”.
Günel CƏLİLOVA