Hazırda ölkənin əksər rayon və kəndlərində kanalizasiya və su xətləri ümumiyyətlə yoxdur. Son illərdə bir neçə rayon mərkəzində mövcud problem aradan qaldırılsa da bu, kanalizasiya və su xətlərinin olmadığı bölgələrlərlə müqayisədə olduqca aşağıdır. Kanalizasiya xətlərinin olmaması isə çirkab sularının axıdılmasında böyük çətinliklərə səbəb olur.
Belə bir xoşagəlməz mənzərə Ucarın Vidadi, Vaqif və Şirvan küçəsində yaşanır. Həmin ərazinin sakinləri qeyd edir ki, onlar uzun müddətdir ki yaranmış kanalizasiya problemindən əziyyət çəkirlər: “Bu küçələrdə 457 təsərrüfat var ki, onların da hər biri, əsasən də yay aylarında sözün əsil mənasında cəhənnəm əzabı çəkirlər. Rayonun bütün müvafiq qurumlarına müraciət olunub. Hər dəfə vəd verirlər ki, boru salınacaq, kanalizasiya təmizlənəcək. Lakin bu günə kimi heç bir ölçü götürən yoxdur”.
Ucar RİH: “Bu işin görülməsi üçün külli miqdarda vəsait lazımdır ki, hazırda bu vəsait icra hakimiyyətinin balansında yoxdur”
Ucar Rayon İcra Hakimiyyətindən bildirildi ki, adıçəkilən küçədəki vəziyyət əlaqədar tədbir görmək icra hakimiyyətinin səlahiyyəti xaricindədir. Onun sözlərinə görə, bu işin görülməsi üçün külli miqdarda vəsait lazımdır ki, hazırda bu vəsait icra hakimiyyətinin balansında yoxdur: “2012-ci ildə Ucar rayonunda kanalizasiya sisteminin cəmi 18 faizi yenidən qurulub”.
Mayis Əliyev: “Çrkab suların yaşayış evlərinə yaxın ərazidən axması antisanitar vəziyyət yaratmaqla yanaşı, ərazini xəstəlik mənbəyinə çevirir”
Sosial sahə üzrə ekspert Mayis Əliyev bildirdi ki, çirkab suların yaşayış evlərinə yaxın ərazidən axması antisanitar vəziyyət yaratmaqla yanaşı, ərazini xəstəlik mənbəyinə çevirir: “Belə olan halda, üfunət iyi, gəmirici və həşəratlar yaxınlıqdakı evlərə dolur, narahatlıq yaradır, xəstəliklərin yayılmasına səbəb olur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, çirkab suların ətraf əraziyə axıdılmasının səbəbi həmin ərazidə kanalizasiya şəbəkəsinin işlək olmamasıdır. Aidiyyəti qurumlar bu məsələdə fəal olmalıdırlar: “Nəzərə almaq lazımdır ki, koronavirus infeksiyasının tüğyan etdiyi bir dövrdə antisanitariyanın yayılmasının qarşısı alınmalıdır”.
Günel CƏLİLOVA