Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin akt zalında müəllim və tələbələrin iştirakı ilə 2 fevral Gənclər gününə həsr olunmuş “Gənclər siyasəti dövlətin əsas istiqamətlərindəndir” adlı tədbir keçirildi.
44 günlük Vətən müharibəsində şəhid olanların əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlanan tədbiri giriş sözü ilə Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva açdı. O, tələbələri 2 fevral-Gənclər Günü münasibətilə təbrik edib dedi: - Ölkəmizdə gənclərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. İlk dəfə 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin I forumu keçirildi. Ulu Öndər Heydər Əliyev 1 fevral 1997-ci ildə “2 Fevral – Azərbaycan gəncləri günü elan edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncam qüvvəyə mindiyi gündən 25 il ötür. İndi Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
Sonra söz kollecin II kurs tələbəsi, qazi övladı Ləman Quliyeva verildi: “Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də “Dəmir yumruq” əməliyyatı ilə sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu”.
Kollecin II kurs tələbəsi Aytac Əliyeva da çıxış etdi. O, bildirdi ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də sosial şəbəkə üzərindən ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli Azərbaycan torpaqlarında vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmasında fəal oldular. Hər bir Azərbaycan gənci Ulu Öndər Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı və Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü