Həbs edilən iş adamı Hafiz Məmmədov (Hafqa) dövlətə olan borcunu ödəməyə hazır olduğunu bildirib. H.Məmmədovun vəkili İsmayıl Kəngərli açıqlamasında bildirib ki, müvəkkilinin şirkətləri ilə bağlı hesablanmış sosial ödəniş borcu 1 milyon 462 min manatdır: “Onun da 1 milyon manat hissəsi 2013-2015-ci ilin birinci rübünə düşür. Qanunvericiliyə görə, üzərindən 7 il keçmiş ödənişlərə görə cəzaya cəlb etməyə icazə verilmir. Yəni, Cinayət Məcəlləsinə və Konstitusiya Məhkəməsinin qərarına əsasən istintaq orqanı bu məbləğlərə görə ittiham verə bilməz”.
İ.Kəngərli əlavə edib ki, H.Məmmədovun dövlətə borcu olan şirkətlərindən biri “Transgeyt” MMC daha əvvəl 2 milyon manat artıq vergi ödənişi edib: “Hafiz Məmmədov təklif edib ki, Vergi Xidmətinə ödədiyi əlavə 2 milyon manat DSMF-yə olan borcuna yönəldilsin. DSMF isə Vergi Xidmətləri ilə hesablarının ayrı olduğunu bildirərək həmin pulu çəkə bilmədiyini deyir. Vergi Xidməti isə hazırda bu məbləği Hafiz Məmmədova geri qaytara bilmədiyini, gələcəkdə yaranacaq vergi borcuna silinəcəyini qeyd edir”.
Vəkil qeyd edib ki, bu günədək 400 min manat ödəniş edilib: “Ola bilsin əlavə ödəniş edilsin. Hafiz Məmmədovun mövqeyi belədir ki, hesablanan borcu ödəməyə hazırdır. Təklif edir ki, o, evə buraxılsın və tələb olunan məbləği toplayıb hissə-hissə ödəsin”.
Hafiz Məmmədov hesab edir ki, onun şirkətlərinin borcları əvvəlcədən düzgün hesablanmayıb.
Bunun ardınca məlum olub ki, Hafiz Məmmədov 600 min manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarını ödəyib.
Dövlət Vergi Xidmətindən verilən məlumatda bildirilib ki, iş adamı Məmmədov Hafiz Məcid oğlu barəsində bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış 1.465.200 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə Yasamal rayon məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hafiz Məmmədov istintaq prosesində ona qarşı irəli sürülmüş ittihamı qəbul edib, 600 min manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarını ödəyib, qalan borcun 1 həftə ərzində ödəniləcəyinə dair öhdəlik götürülməsi barədə iltizam verib.
Göstərilənləri nəzərə alaraq, Yasamal rayon məhkəməsi 31 yanvar tarixində Hafiz Məmmədovun vəkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətini təmin edib. Xatırladaq ki, ev dustaqlığı və girov həbsə alternativ qətimkan tədbirləridir.
Hafiz Məmmədovla bağlı bu hadisədən digər iş adamları hansı nümunəni götürməlidir?
Beynəlxalq idarəetmə üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu fakt çox açı bir reallığı ortaya qoymuş oldu: “Bir daha sübut olundu ki, bizim bəzi iri iş adamlarımız dövlətə olan vergi və digər borclarını ödəməkdə maraqlı deyillər. Sonuncu hadisədən hansı nəticəni çıxarmaq olar? İnsan həbsə salınan kimi, olan borcunu ödəyəcəyi ilə bağlı öhdəlik götürür. Deməli, onun həmin borcu ödəməyə imkanı olub, sadəcə, prosesi uzun illərdi ki, yubadıb. Belə borcu olan iş adamlarını araşdırdıqda məlum olur ki, onların başqa ailə üzvlərinin adına çox bahalı mənzilləri, digər daşınmaz əmlakları və avtomobilləri olur. Sadəcə, dövlətə olan borcları ödəməkdən yayınlrlar. Bu addımı da məqsədli atırlar ki, pul özlərinə qalsın. Dövlət tərəfindən atılan addımlardan görürük ki, artıq bu tip məsələlərə ciddi reaksiyalar verilir. Hafiz Məmmədovla bağlı yaşananlar digər iş adamları üçün də örnək olmalıdır. Bilməlidirlər ki, dövlətə olan borcu ödəməyənin yeri həbsxana olmalıdır. Bu məsələdə kimin nə dərəcə tanınmış olması, keçmişdə hansı xidmətlər göstərməsi əhəmiyyət kəsb etməməlidir. Borcun varsa, mütləq ödəməlisən”.
Məhəmmədəli QƏRİBLİ