Son illər Lerik meşələrində çox acınacaqlı vəziyyət yaşanır. Məqsədli şəkildə ağaclar mütəmadi olaraq qırılır, boş əkin sahələrinə çevrilir. Doğrudur, bunu ən çox kəndlərdə qazın yoxluğu ilə bağlayırlar. Amma belə deyil.
Bir vaxtlar nadir ağac növləri hesabına tanına hektarlarla meşə sahəsi indi ayrı-ayrı adamlar tərəfində çəpərə salınıbdır. Zəriküməco, Hovil, Ancəqəv, Ləkər, Bürsülüm, Vov, Vənədi, Daster kəndlərinə yaxın meşələrdə isə çəpərlərin sayı bilinmir. Dediyim ərazilərdə meşələrə dədə malı kimi baxırlar. Neçə-neçə cavan ağacın ömrünə son qoyan bu, özbaşınalıq Ekologiya və Təbii Sərvətlər nazirliyini isə zərrə qədərdə narahat etmir. Halbuki, fəlakətin bir addımlığında durmuşuq. Zəbt etdiyi meşələri dədəmalı bilənlər heç Azərbaycan dövlətinin qanunlarına belə məhəl qoymurlar...
Palıd, çökə, fıstıq, vələs, göyrüş, şabalıd ağacları baş-baş verən Zəriküməco, Bürsülüm, Vov meşələrində əsl soyqırımı olubdur. Uzun illərin meşəsi elə məhv edilib ki, hazırda ağac yerinə gözə tək-tük kol-kos dəyir. Amma meşələrə qənim kəsilənlər hektarlarla çəpərlənmiş sahədə çəkinmədən hətta narkotik tərkibli bitkilər də əkirlər.
Xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev deyərdi ki, bir ağac kəsiləndə, elə bil qolum qırılır. Onun siyasətini uğurla davam edən Prezidentimiz İlham Əliyev isə dəfələrlə əsasız yaşıllıqları, eləcə meşələri məhv edənlərə qarşı sərt tədbirlər görəcəyi bildirib. Görünən odur ki, Lerikdə əli baltalılar haram qazanc xətrinə cavan, sağlam ağacları məqsədli kəsirlər. Elə kəsdikləri ağaclarla hektarlarla meşəni çəpərə salırlar. Bəli, Lerik meşələrində kütləvi soyqırımı gedir. Bunun qarşısı alınmalı idi... Yenə də gec deyil. Yoxsa təbiətin qisası amansız olar.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.