Məlum olduğu kimi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını edib.
Mərkəzdə vətəndaşlara müxtəlif dövlət qurumları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət göstəriləcək. Mərkəzdə əməkdaşların sayı 208, könüllülərin sayı 85 nəfər nəzərdə tutulur. "ASAN xidmət" Mərkəzinin işçilərinin sayı 40 nəfərdir ki, onlar da əsasən şəhid ailəsi üzvləri, qazilər və ASAN könüllülərindən təşkil olunub.
Qeyd edildiyi kimi, Gəncədə açılan regional “ASAN xidmət” Mərkəzində çalışan işçilərin əksəriyyəti qazi və şəhid ailə üzvləridir.
“Gəncədə yeni açılan “ASAN xidmət” Mərkəzində çalışacaq şəxslərin əksəriyyətinin şəhid və qazi ailə üzvlərinin olması o deməkdir ki, dövlət bu kateqoriyadan olan insanlara xüsusi həssaslıqla yanaşır”
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bildirdi ki, vətən müharibəsi adı ilə tariximizin ən şanlı səhifələrindən birinə çevrilmiş İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə nəticələndi. Bu tarixi Qələbə şəhidlərimizin canları, qazilərimizin sağlamlığı bahasına, cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində əldə olunub: “Bu gün Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də Vətən Müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə diqqət və qayğının göstərilməsidir. Bu sahədə dövlətin institusional təşəbbüsləri xüsusi əhəmiyyət kəsb edir. Gəncədə yeni açılan “ASAN xidmət” Mərkəzində çalışacaq şəxslərin əksəriyyətinin şəhid və qazi ailə üzvlərinin olması o deməkdir ki, dövlət bu kateqoriyadan olan insanlara xüsusi həssaslıqla yanaşır”.
Günel CƏLİLOVA