Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müavini Fərid Nuriyev ictimaiyyətin maarifləndirilməsi və ictimai iştirakçılığın təmin edilməsi baxımından şuranın iclaslarının mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd edib.
Nəzərdə tutulan layihələrə toxunaraq sərnişindaşımalarda göstərilən xidmətin keyfiyyətinin artırılması üçün müasir təcrübəyə əsaslanan yeni fəaliyyət modeli üzərində iş aparıldığını diqqətə çatdırıb. Piyada zonalarının təşkil olunmasının şəhərin ekoloji baxımdan əhəmiyyətini qeyd edən Şura üzvü, Azərbaycan Yaşıllar Hərəkatının təsisçisi Ceyhun Osmanlı vurğulayıb ki, əsas diqqəti cəmiyyətin bu məsələdə maarifləndirilməsinə yönəldib. İctimai Şuranın sədr müavini, ATU-nun dosenti Fərhad Eyyubov isə şəhərdaxili mobillik planın hazırlanması qaydalarının təsdiqlənməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı ilə bağlı fikirlərini bölüşüb.
İctimai Şuranın sədri, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev piyada zonaları və ümumilikdə şəhər mobilliyi ilə bağlı layihələrin icrasında şura üzvlərinin fəal iştirak edəcəklərini deyib: “İctimai Şura cəmiyyətin bu mövzularda maarifləndirilməsi üçün də zəruri olan addımları atacaq”. Həmçinin, şəhər mobilliyi ilə bağlı ictimaiyyətin maarifləndirilməsi sahəsində İctimai Şura ilə əməkdaşlıq istiqamətləri müzakirə edilib. Bu məsələdə birgə təbliğat və təşviqat işinin təşkilinin vacibliyini qeyd olunub. Diqqət çəkən məqam budur ki, sən demə kifayət qədər narazılıqların olduğu BNA yanında İctimai Şura da fəaliyyət göstərirmiş. Ancaq nədənsə biz həmin şuranın qurumla vətəndaşlar arasında koordinasiyalı fəaliyyətinin şahidi olmuruq. Bu barədə İctimai Şuranın üzvü, “Avtosfer” saytının baş redkatoru Elməddin Muradlının fikirlərini öyrəndik. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Şuranın yaradılması pandemiya dönəminə təsadüf etdiyi səbəbindən onlar güc-bəla ilə bir yerə toplana bilir: “ Yenə sağ olsunblar ki, görüləcək və gördükləri işlərlə bağlı bizi mütəmadi məlumatlandırırlar. Sonuncu iclasda mən xeyli təkliflər verdim. Mən bu sahəni bildiyim üçün bəzi təkliflərin dəyərləndirilməsi məsələsini qaldırdım. Onlar bəzi layihələrə start vermək istəyirdilər, mən dedim ki, həmin addımların atılması cəmiyyətdə narazılıq yarada bilər. İctimai İştirakçılıq Haqda Qanun layihəsi heç yox idi Vüsal Kərimli bizi dəvət etmişdi. Bildirmişdi ki, BNA yanında belə bir Şuranın yaradılmasını istəyibrlər. Sonra belə qurum yaradıldı. Parkalanma ilə bağlı vəziyyət pisdir. Kamera ilə cərimələrin qeydə alınması səlahiyyəti bir azdan yol polisinə də veriləcək. Onda vəziyyətdən doğan narazılıq daha çox olacaq. Sadəcə, biz təklif edirik ki, şərait yaratmadan insanların üstünüə yalnız cərimələrlə getmək olmaz. Fəaliyyətimiz yüksək səviyyədə olmasa da, orta səviyyədə qiymətləndirmək olar. Mənim özüm də fəaliyyətimizdən tam razı deyiləm. BNA publik hüquqi şəxsdir. Onların qarşısında İctimai Şura yaratmaqla bağlı öhdəlik də yoxdur, ancaq belə bir təşəbbüsü irəli sürüb, sözügedən təsisatı yaradıblar”.
Məhəmmədəli QƏRİBLİ