Milyonlarla müsəlmanın axışdığı Kəbəni artıq virtual ziyarət etmək mümkün olacaq. Bu simulyasiya görmə və eşitmə ilə yanaşı, eyni zamanda ziyarətçilərin toxunma və qoxu kimi duyğuları da hiss edəcəklərini bildiriblər.
Məkkənin Böyük məscidinin imamı Əbdürrəhman Sudeysi layihənin insanların hisslərinə xitab etməsinin çox vacib olduğunu vurğulayıb.
Maraqlıdır, bu şəkildə onlayn ziyarət nə dərəcədə doğrudur və İslamın beş şərtindən biri olan ziyarəti bu şəkildə gerçəkləşdirmək mümkündürmü?
Onlayn ziyarətlə bağlı tətbiq olunacaq yeni qayda dindarlar tərəfindən etirazla qarşılanır.
Ilahiyyatçı Cəmşid Əliyev qeyd etdi ki, İslamın əsas şərtlərindən biri ziyarətgahların ziyarət edilməsidir. Bunun onlayn şəkildə necə ediləcəyi maraq doğurur: “Bu layihə sadəcə olaraq, həmin məkanlarla maraqlananlar üçün faydalı olacaq. Ziyarətə gedənlər canlı-canlı o hissləri yaşayır, Kəbəni ziyarət, təvaf etmək, “Zəm-zəm”dən su içmək, şeytana daş atırlar. Bunları gerçəkdə yaşamaq əvəzinə onlayn şəkildə ziyarət etmək insanları dindən, qiyamətdən, axirətdən uzaq salmaq deməkdir. Hər şeyin təbiisi ən gözəlidir. İslam dinində elə fundamental dəyərlər var ki, min illər bundan öncə nə qədər dəyərli idisə, min illər bundan sonra da dəyərli olacaq”.
Günel CƏLİLOVA